Banqladeşdə 1971-ci ildə Müstəqillik Müharibəsində xidmət etmiş şəxslərin övladları üçün dövlət sektorunda kvota ayrılması qərarı ölkədə iğtişaşlara səbəb olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara etiraz edən aksiyaçılar bu gün bir çox dövlət və ictimai obyektləri, o cümlədən dövlət televiziyası olan BTV-nin binasına od vurublar.
Ölkədə yayımlanan “Dhaka Tribune” qəzetinin məlumatına görə, Ali Məhkəmənin ötən ay kvota sisteminin yenidən tətbiq edilməsinə dair qərarından sonra başlayan tələbə etirazları artıq bir çox şəhərlərə yayılıb: "Etrirazlar bir çox bölgələrdə iğtişaşlara çevrilib. Bir qrup şəxs BTV-nin binasını, eləcə də dayanacaqda olan bir neçə avtomobil və motosikleti yandırıblar".
BTV-nin direktoru Ruhul Amin Banqla “Dhaka Tribune” qəzetinə bildirib ki, yanğın zamanı əməkdaşlarıın xilası möcüzə sayəsində mümkün olub.
Şəhərin polis idarəsinin rəsmisi Moşiur Rəhman isə deyib ki, bina yandırılan zaman ərazidə xidməti vəzifədə olan polislərin demək olar ki, hamısı xəsarət alıblar.
Qeyd edək ki, Banqladeşdə dövlət qulluğu vəzifələrinin 56 faizi müəyyən demoqrafik qruplar və siniflər üçün nəzərdə tutulsa da, bunların 30 faizi 1971-ci il Müstəqillik Müharibəsi iştirakçılarının ailələrini əhatə edir. Sözügedən kvotalar 2018-ci ildə ümummilli etirazlardan sonra ləğv edilib. Lakin qarşı tərəfin iddiası əsasında Ali Məhkəmənin keçən ay kvota sisteminin yenidən bərpa edən qərar çıxarıb.
Samir Musayev
MİA.AZ