“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-yə antiinhisar qanunvericiliyinin tələblərini pozduğu üçün maliyyə sanksiyası tətbiq olunub. Göstərilən çatışmazlıqlar, bəlkə də, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahəyyətlərinə aid məsələ deyil. Bu, ümumi məsələdir. Düzdür, Xidmət bazarlara nəzarət edir, əslində isə “Azərbaycan Dəmir Yolları” QSC-nin inhisarçılığının aradan qaldırılması üçün müəyyən fəaliyyətlərə baş vurmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.
Ekspert bildirib ki, çatışmazlıqları, pozuntuları aradan qaldırmaq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin saləhiyyətinə aid deyil: “Azərbaycanda “Azərbaycan Dəmir Yolları” QSC-dən başqa dəmir yolu şirkəti varmı? Yoxdur. Deməli, bu QSC inhisarçıdır. İşləri qaydasında olsa belə, inhisarçı olduğuna görə o, Xidmətin hədəfində olmalıdır ki, bazarda rəqibləri olsun. Məsələn, ölkədə 5 dəmir yolu şirkəti olsun və bir-biriləri ilə rəqabət aparsınlar. Xidmətin vəzifəsi bundan ibarətdir. O boyda inhisarçılığa qarşı mübarizə aparmırlar, amma inhisarçı şirkətin fəaliyyətində hansısa pozuntuları özləri üçün hədəf seçirlər. Bu, doğru deyil. Normal bazar iqtisadiyyatı qurmaq istəyiriksə, inhisarçılığı aradan qaldırmalıyıq. İnhisarçılıq varsa, bazar iqtisadiyyatı yoxdur...”
MİA.AZ