Çin ABŞ-la silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı razılaşmanı birtərəfli qaydada pozub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien paytaxt Pekində keçirilən mətbuat konfransında bəyanat səsləndirib.
XİN rəsmisi bəyan edib ki, Çin və ABŞ arasında silahlara nəzarət və yayılmamaq üzrə siyasi məsləhətləşmələr ABŞ-ın davranışına görə pozulub: "Bu səbəbdən Pekin ABŞ-la bu yöndə hər hansı bir siyasi məsləhətləşmələri dayandırıb və bundna sonra bu istiqamətdə müzakirə aparılmayacaq".
XİN rəsmisinin sözlərinə görə, ABŞ Çinin ardıcıl etirazına və təkrarlanan bəyanatlarına məhəl qoymadan Tayvana silah satmağa davam edir: "Və bu, Çinin əsas maraqlarına ciddi zərər verən və qarşılıqlı siyasi etimadı sarsıdan hərəkətdir. Çin bunu cavabsız buraxa bilməz. Baxmayaraq ki, Çin Birləşmiş Ştatlarla beynəlxalq silahlara nəzarət məsələlərində qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı fayda üçün əməkdaşlığa daim hörmət edib. Biz yenə də bu aspektlər üzərində dialoqu davam etdirməyə hazırıq. Ancaq ABŞ Çinin əsas maraqlarına hörmət etməli və iki tərəf arasında dialoq üçün lazımi şərait yaratmalıdır".
Xatırladaq ki, Çin və ABŞ 2023-cü ilin noyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda silahlara nəzarət və yayılmamaq üzrə məsləhətləşmələr aparıblar.
Lakin ABŞ Tayvana silah satışını davam etdirib və bu səbəbdən Çin bu ilin iyulun 12-də ABŞ-ın Tayvana son silah satışında vasitəçi olan 6 ABŞ şirkəti və onların rəhbərlərinə sanksiya tətbiq edib.
Samir MUSAYEV
MİA.AZ