"Yunanıstanın müdafiə naziri Dendiasın Kipr türkləri və türk ordusunu hədəf alan yalan və böhtan xarakterli bəyanatını şiddətlə qınayırıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında yer alıb.

Bəyatanda Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Türkiyə və onun ordusuna qarşı ifadələri böhtan adlandırılıb: "Qəhrəman türk ordusu Türkiyənin beynəlxalq müqavilələrdən irəli gələn qarant hüququna uyğun hərəkətə keçərək 1963-1974-cü illərdə Yunan tərəfinin hər cür zülmünə məruz qalan Kipr türk xalqını soyqırım cəhdindən xilas edib. Türk əsgərinin cəsarəti və varlığı sayəsində 1974-cü ildən bəri Kiprdə qan tökülməmiş, Yunanıstanın Kipr Rum xalqına qarşı xunta təzyiqi aradan qaldırılmış, Yunanıstanda hərbi rejim çökmüş və demokratiyaya dönüş mümkün olmuşdur".

Bəyanatda daha sonra deyilir: "Mehmetçik dünən və bu gün olduğu kimi, sabah da Kiprdə sülhün və əmin-amanlığın qarantı olacaq. Yunanıstanın müdafiə nazirini konstruktiv yanaşma ilə Türkiyə və Yunanıstan arasında münasibətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyan iki ölkə liderlərinin irəli sürdüyü ortaq mövqeyə xələl gətirmək cəhdlərini dayandırmağa çağırırıq. Cənab Dendiasın türk və yunan xalqları arasında nifaq salaraq siyasi karyera qurmaq cəhdləri nəticə verməyəcək".

Lamiyə Əhmədli
MİA.AZ