Azərbaycanda yanacaqdoldurma məntəqələri ("zapravka") olan sahibkarları narazı salıblar.
Bu barədə Mia.az-a adının açıqlanmasını istəməyən sahibkarlardan biri məlumat veirb.
Onun sözlərinə görə, bir müddət əvvəl onları biri 1800 manat olan kassa aparatlarını almağa məcbur ediblər: "Hazırda həmin kassa aparatları tam işləkdir. Yəni, hər hansı bir texniki qüsuru və ya zədəsi yoxdur. Üstəlik, 1800 manata zorla satılan kassa aparatını almağımızın üstündən düz-əməlli bir il ötməyib. İndi də gəlib deyirlər ki, bəs 3 min manata təzə kassa aparatları gəlib, mütləq bunu almalıyıq".
Sahibkar deyir ki, artıq belə qanunsuz tələblərdən beziblər: "Vallah, belə olmaz. Belə çıxır ki, hər 5-10 aydan bir kimsə ölkəyə kassa aparatı gətirəcək və biz də onu almağa məcbur qalacağıq?".
Sahibkarlar deyir ki, işin başqa maraqlı tərəfi də var: "Təsəvvür edin ki, bu tip məcburetməni yalnız himayəsiz, yəni, çətinlilə ayaq üstə qalmağa çalışan sahibkarlara edirlər. Bildiyimzi qədəri ilə SOCAR və "Azpetrol"un "zapravka"larının qarşısına belə tələb qoyulmayıb. O zaman soruşuruq: niyə himayəsiz məntəqələr hədəfə gəlib?! Başqa məkrli niyyət yoxdursa, o zaman bu ayrı-seçkiliyin səbəbi də izah olunsun...".
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini də dinləməyə hazırıq.
Samir Musayev
MİA.AZ