Xəbər verdiyimiz kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət
Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində
yerləşən "Niaqara” restoranında dövlət nəzarəti tədbirləri həyata
keçirilərkən mənşəyi məlum olmayan, təhlükəsizliyi müvafiq qaydada
konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu
aşkarlanması, həmçinin "Paytaxt” salatından bağırsaq çöpləri qrupundan
olan bakteriyalarlarla bağlı verilən aşıqlamaya sərt cavab gəlib.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən "Niaqara"
restoranının adının çəkiləməsini istəməyən əməkdaşı bu məlumatın qərəzli olaraq
yayıldığını deyib və bildirib ki, yoxlama zamanı heç bir nöqsan aşkarlanmayıb:
"Komitənin əməkdaşları restoran rəhbərliyindən rüşvət istəyiblər.
Verilmədiyinə görə restoran haqqında yalan məlumatlar yayıblar. Gəlib bütün
yeməklərdən, soyuq qəlyənaltılardan nümunə götürdülər. Sonra cavablarını
göndərdilər və bildirdilər ki, heç bir nöqsan aşkarlanmayıb. Həmin sənədlər bizdə
durur, hansı ki, salatların tərkibinin standartlara cavab verdiyini komitə
təsdiqləyib. Amma sonradan gedib yalan məlumat yayıblar”.
Restoranın əməkdaşı bildirib ki, komitə əməkdaşları restoran rəhbərliyindən 3 min manat rüşvət tələb ediblər: "Bu pulu vermədiyimizə görə, "Niaqara" haqqında yalnış məlumat yayıblar. Amma müştərilərimizə demək istyirik ki, buna inanmasınlar”. Müsahibimiz bildirdi ki, komitənin yaydığı məlumatın restorandakı iş prosesinə heç bir təsiri yoxdur və restoran fəaliyyətini əvvəlki qaydada davam etdirir.
Bir daha qeyd edək ki, sözügedən istirahət məkanının Müdafiə sənayesi naziri Yavər Camalova məxsus olması haqda mətbuatda təkzib olunmayan çoxsaylı xəbərlər gedib.