"Biz xoşbəxtik və qürur duyuruq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi 2024-cü il Avropa Çempionatının (AVRO 2024) 1/8 finalında Avstriya millisinə 2-1 hesablı qalibiyyətdən sonra jurnalistlərə deyib.

TFF prezidenti bildirib ki, oyundan əvvəl futbolçularla söhbətləşib: "Onlara dedim ki, tarix yazmaq lazımdır. Gələcəkdə övladlarınıza danışmaq üçün hekayəniz olsun deyə. Çox şükür ki, bunu etdilər. Baş məşqçimiz demişkən, kiçik addımlarla addım-addım böyük tarix yazmaq istəyirk. Türkiyə Milli Komandasının bizə belə sevinc bəxş etdiyi üçün çox xoşbəxtik, qürur duyuruq. İidarə heyətimizə, texniki komandamıza və futbolçularımıza və 12-ci güc olan azarkeşlərə təşəkkürümü bildirirəm”.

Berlində keçiriləcək 1/4 final matçı ilə bağlı azarkeşlərə çağırış edən Büyükekşinin sözlərinə görə, milli komanda 16 ildən sonra qruplardan çıxaraq 1/4 finala gəlib: "İndi bizi 1/4 final gözləyir. 80 min adam tutumlu Berlin stadionuna azı 60 min azarkeş gözləyirik. Yoldaşlıq oyununda ora bu qədər türk gəlmişdi. İnşallah yenə 60 mindən çox Türk olacaq. Türk millətinin dualarını gözləyirik. İnanıram ki, 1/4 finaldan yarımfinala gedəcəyik. Türk millətinin ən yaxşısına layiqdir. İnşallah, növbəti məqsəd dünya çempionatında iştirak etməkdir. Ölkəmizin birliyə, həmrəyliyə ehtiyacı var. İnşallah bu zəfər türk millətinə bir hədiyyə olar. Məqsədimiz bacardıqca irəli getməkdir. Türk milləti bu uğurlara həsrət qalıb. Ümid edirəm ki, bu uğurlar davamlı olacaq. Biz gənclərə sərmayə qoyuruq, 2032-ci ildə isə "Türkiyə Avropa çempionu olacaq" dedik. Bundan başqa, millimiz 22 ildir ki, Dünya Çempionatına çıxa bilmir. Biz hazırda ən gənc komandayıq. Getdikcxə daha yaxşı olacağıq və Dünya Çempionatına vəsiqəni təmin edəcəyik. Hədəflərimizdən  biri də budur...".

Fərid ASLAN

MİA.AZ