Prezident İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla Azərbaycan arasında sülh prosesindən danışıb.
Prezident deyib: “Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik”.
Ölkə başçısı bu fikri öncə də səsləndirmişdi. Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı ölkə başçısı demişdi ki, “COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür”.
Ölkə başçısının fikirlərinə əsaslanaraq, demək olar ki, Bakı ilə İrəvan arasında bir çox prinsipial məsələ həllini tapıb. Danışıqların hazırkı mərhələsində razılaşdırılan məsələlər ətrafında çərçivə sazişi imzalamaq olar. Lakin rəsmi Bakının çərçivə sazişini imzalamaq üçün də bir şərti var. Prezident İlham Əliyev qeyd etdiyi kimi, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.
Ermənistan konstitusiyasının dəyişdirilməsi indiki məqamda Bakı üçün ən vacib şərtdir. Çünki orada konkret Azərbaycan və region ölkələrinə qarşı açıq ərazi iddiaları var. Bundan başqa Ermənistanın gələcəkdə hüquqi əsaslar gətirərək sülh sazişindən yayınmasını təmin edəcək maddələr də var. Bütün bunlara görə, rəsmi Bakı israrla Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir. Mümkündür ki, bu məsələ bir neçə gün öncə Azərbaycanın Ermənistana göndərdiyi sülh müqaviləsi üzrə növbəti təkliflər paketində də öz əksini tapıb.
Prezident sülh mətninin bir neçə aya yekunlaşacağını bildirsə də, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsinin çətin olduğunu deyib. Bu məqam xüsusilə diqqət çəkir. Hesab edirəm, burada razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətin görülən başlıca məsələ məhz sərhədlərin delimitasiya və demarkasiyasıdır. Prezident əvvəllər bu məsələ ilə bağlı demişdi ki, bu proses uzun müddət də çəkə bilər.
Rəsmi Bakının verdiyi mesaj əslində çox açıq və dəqiqdir: “Gəlin, ilkin sülh müqaviləsi imzalayaq, siyasi, iqtisadi münasibətləri bərpa edək, delimitasiya və demarkasiya prosesini önümüzdəki illər ərzində də həll edə bilərik”.
Azərbaycan Ermənistanla sülh danışıqlarının birinci ili tamam olmadan ən azından ilkin sülh müqaviləsini imzalamaq istəyir.
Turan Rzayev
MİA.AZ