Bu günlərdə Azərbaycan Tibb Universitetinin “Təbib” Nəşriyyatında Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Əməkdar müəllim İbadulla Ağayevin təşəbbüsü və gərgin əməyi sayəsində Göyçə mahalında yaşayıb-yaradan, tanınmış şairlərdən biri olan Zodlu Abdullanın əsərlərindən ibarət kitab işıq üzü görüb.
Mia.az xəbər verir ki, iyunun 29-da Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzininin təşkilatçılığı ilə tədqiqatçı-jurnalis Qabil Zimistanoğlunun redaktoru olduğu kitabın təqdimetmə mərasimi keçirilib.
Azərbaycan Dövlət Himni səsləndirildikdən, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova gələn qonaqları salamlayaraq, tədbiri açıq elan edib.
Ə.Rəhimova XIX-XX əsrlərdə yaşayan, “Zodlu Abdulla”, “Usta Abdulla” kimi el arasında məşhur olan şairin həyat və yaradıcılığı, onun keçdiyi ağrılı-acılı ömür yolundan, professor İbadulla Ağayevin kitabın araya-ərsəyə gəlməsində apardığı araşdırmalar, çəkdiyi zəhmət barədə tədbir iştirakçılıarına ətraflı məlumat verib. Tanınmış professorun kitabın abdullasevərlərə və aşıqlarımıza əvəzzis hədiyyəsi olduğunu diqqətə çatdırıb.
Professor İbadulla Ağayev tədbir boyu ustadın bənzərsiz poeziya nümunələrindən misallar çəkib, şairin başına gələn maraqlı əhvalatlardan söhbət açıb.
Texnika elmlər doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Şahlar Babayev, Göygöl rayon üzrə təhsil sektorunun baş məsləhətçisi Salman Qaralar (Balakişiyev), ziyalılardan Vilayət Hacıyev, Azad Haqverdiyev, Niftalı Quliyev, Vahid Hacıyev, jurnalist Qabil Zimistanoğlu və digər çıxışçılar şairin yazdığı şeirlərdən nümunələr səsləndirib, onun yazılma tarixindən, yaradıcılığının poetik xüsusiyyətlərindən söhbət açıb.
Şairin şeirlərini böyük həvəslə oxuyan aşıqlarımız öz bənzərsiz ifaları ilə tədbirə özünəməxsus bir rəng qatıblar.
Sonda Usta Abdulla nəslinin nümayəndələri kitabda zəhməti keçənlərə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, kitaba şairin qoşmaları, gəraylıları, təcnisləri, cığalı təcnisləri, divaniləri, deyişmələr, şair haqqında yazılmış şeirlər və bir əhvəlat daxil edilib.
Xatırladaq ki, Usta Abdulla (Namazov Abdulla Rəhim oğlu) 1865-ci ildə qədim Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olub. Zodda dünyaya göz açdığına görə, ona el arasında “Zodlu Abdulla”, dülgərlik və xarratlıqla məşğul olduğu üçün ona həm də “Usta Abdulla” deyiblər. Atası Rəhim kişi də mahalın tanınmış xarratlarından olub, bu peşənin incəliklərini oğlu Abdullaya da öyrədib.
Qoşma, gəraylı, təcnis, müxəmməs və s. janr¬lar¬da şeirlər yazan sənətkar 1918-1920-ci illərdə Göyçədə erməni daşnaklarının soydaşlarımıza qarşı törətdikləri vəhşilik və soyqırımların da şahidi olur. Məcburiyyət qarşısındaq qalan Usta Abdulla hanı kimi, doğma Zod kəndini tərk etməli olur. Qaçqınlıq həyatı zamanı şəkdiyi əzab-əziyyətlər və məhrumiyyətlər onun yaradıcılığına da təsirsiz ötüşmür, yazır:
Dağıldı mahalım, pozuldu elim,
Tükəndi dövlətim, gödəldi dilim,
Əyildi qamətim, büküldü belim,
Nə qazamat, nə qalalar çəkmişəm.
1943-cü ildə 78 yaşında dünyasını dəyişən şair vəsiyyətinə uyğun olaraq “İmamzadə” də dəfn olunub.
Ləman
MİA.AZ