Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib.
Mia.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
Komissiya katibi Arifə Muxtarovanın təqdimatına əsasən, namizədlərin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi vaxtı haqqında məlumat verilib.
O bildrib ki, seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq, avqustun 31-i saat 08:00-da dayandırılacaq: "Təqvim Planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq seçki dairələrinə təqdim edilməsi səsverməyə ən çox 50 gün və ən az 30 gün qalmaqla saat 18:00-a qədər davam edəcək. Beləliklə, proses iyulun 13-də başlayacaq, avqustun 2-si saat 18:00-da başa çatacaq".
Bundan başqa, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.
Ekspert qrupuna MSK üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, İlkin Şahbazov, Nailə Əsgərova, İlqar Əlizadə, Rafiq Abbasov daxil ediliblər.
MİA.AZ