“Cənubi Qafqaza erməni köçü: xronikası, mahiyyəti” layihəsi çərçivəsində “Cənubi Qafqaza erməni köçü və onun nəticələri” mövzusunda konfrans keçirilib.

Mia.az xəbər verir ki, 24 iyun 2024-cü ildə keçirilən konfrans Cənubi Qafqazda müasir dövrdə gedən proseslər şəraitində son dərəcə aktual olan məsələlərdən birinə həsr olunub.

Qeyd etmək lazımdır ki, son yüzilliklər dövründə böyük dünya güclərinin bu regionu öz təsir dairəsinə daxil etmək uğrunda apardıqları mübarizədə erməni amilindən istifadə problemi böyük əhəmiyyət daşımaqda davam edir. Ermənilərin Cənubi Qafqaza köçürülməsi, məskunlaşdırılması yerli müsəlman-türk əhalisinə qarşı aparılan işğalçılıq siyasətinin vacib mexanizmlərindən biridir və hazırda da bundan istifadə olunur. Bu mənada Cənubi Qafqaza erməni köçünün mahiyyəti, onun məqsədləri, gedişi, mərhələləri, ictimai həyatın bütün sahələrində təzahürü regionun bugünkü taleyində rol oynamaqda davam edir. Bu mənada həmin məsələlərin dərindən araşdırılması, həqiqətin davamlı olaraq ortaya qoyulması həyati əhəmiyyət daşıyır.

Konfransda ictimai elmlərin müxtəlif istiqamətlərini təmsil edən yüksək ixtisaslı mütəxəssislər problemin ən müxtəlif aspektlərini qaldırıb, 20-yə qədər elmi əsaslara söykənmiş məruzələr dinlənilib, ümumiləşdirilmələr aparılıb.

Məruzələrdən “Cənubi Qafqaza erməni köçü tarixindən” (İbrahim Əliyev. T.ü.f.d, dosent.), “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi: xüsusi təlimatlar” (Güntəkin Nəcəfli. AMEA Tarix və Etnologiya İnstitutu, t.ü.f.d., dosent), Qarabağın antropoloji baxımdan tədqiq edilməsinin əsas istiqamətləri haqqında (Əliağa Məmmədli. Antropologiya elmləri dokt. prof), “О происхождение названия «Восточная Армения», заселение её армянами и формирование современных границ Республики Армения” (Tarix elmləri doktoru İlqar Niftəliyev.), “Qarabağın arxeoloji abidələri və onların tarixini saxtalaşdırmaq cəhdləri” (Əsədulla Cəfərov. tarix elmləri doktoru., prof), Ermənistan işğalının Qarabağın və Şərqi Zəngəzurun alban abidələrinə vurduğu zərər: mədəni soyqırım, tarixin falsifikasiyası (prof. Məhəbbət Paşayeva) və digərlərini göstərmək olar.

Konfransda təqdim edilmiş məruzələr “Cənubi Qafqaza erməni köçü və onun nəticələri” adlı kitabda çap olunub: "Düşünürük ki, konfrans materialları haqqında danışdığımız problemin geniş kütəyə çatdırılması üçün mühüm vasitədir, bu məsələlərin araşdırılması və təbliği üçün dəyərlidir".