Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Mia.az xəbər verir ki, BMT-nin müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində baş tutan Konfransda hazırda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelupe, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya və Fələstinin BMT-dəki daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.
BTQ-nin şöbə müdiri Elgün Hacıyev konfransı açaraq bildirib ki, ABŞ hökümətinin qeyri-müəyyən qərarına görə artıq ikinci ildir BTQ-nin icraçı direktoru Abbas Abbasova BMT qərargahında keçirilən konfransda iştirak etmək üçün viza verilmir. Bu səbəbdən A.Abbasovun konfrans iştirakçılarına videomüraciəti yayılıb.
O, müraciətində qeyd edib ki, Fransa hökumətinin Yeni Kaledoniyada fundamental insan hüquqlarını kobud şəkildə pozması BMT Baş Assambleyasının müstəmləkəçiliyə qarşı qəbul etdiyi qətnamələri yerinə yetirmək üçün rəsmi Parisin siyasi iradəsinin olmadığını bir daha sübut edir.
İcraçı direktor bir daha təsdiqləyib ki, Bakı Təşəbbüs Qrupu Fransanın müxtəlif təzyiqlərinə baxmayaraq, müstəmləkə ərazilərinin öz müstəqillikləri uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək.
Fransa polisi tərəfindən Yeni Kaledoniyada öldürülən mülkü şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra bu ölkənin xarici işlər naziri M. Forrest Fransa hökuməti tərəfindən ölkəsində baş verən qanunsuzluqlar və vəhşiliklər barədə ətraflı məlumat verib. O, yüzlərlə kanakın, xüsusilə müstəqillik hərəkatının 8 lider şəxsinin qanunsuz həbs edildiyini diqqətə çatdırıb.
Fransız Polineziyasının hakim Tavini Partiyasının siyasi məsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelupe və Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikəri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.
İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.
Konfransın sonunda siyasi müraciət qəbul olunub. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmaq, BMT çərçivəsində öz mübarizələrini gücləndirməyə dair öhdəlik götürüblər. Kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pisləyiblər.