Vaşinqtonda yerləşən ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan
Atlantik Şurada (Atlantic Council)
"NATO Qafqazda: Azərbaycanın misalı” başlıqlı tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a verilən məlumata görə, tədbirin
açılış hissəsində çıxış etmiş Atlantik Şuranın prezidenti Fred Kempe Azərbaycanın
NATO-nun tərəfdaşı olaraq tutduğu mühüm mövqeni qeyd edərək, bu mənada ölkəmizin
özünə davamlı diqqət topladığını ifadə etmişdir.
Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının
20-ci ildönümü dövrünə təsadüf etmiş bu tədbirin natiqləri arasında Azərbaycanın
NATO yanında nümayəndəsi, səfir Xəzər İbrahim, ABŞ Dövlət katibinin Avropa və
Avrasiya üzrə köməkçisinin müavini Erik Rubin və Corctaun Universitetində ziyarətçi
professor Brenda Şeyfer olmuşlar.
Səfir Xəzər İbrahim NATO-Azərbaycan münasibətlərinin ötən 20 il ərzində
keçdiyi tarixi yola nəzər salaraq, bu münasibətlərin artan xətlə inkişaf
etdiyini söyləmiş və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin NATO mənzil
qərargahına sonuncu səfəri zamanı bu münasibətlərin strateji xarakter aldığına
dair fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür. X.İbrahim keçən dövr ərzində
Azərbaycanın NATO-dan yardım qəbul edən ölkədən bu təşkilatın müxtəlif fəaliyyətlərinə
töhfə verən ölkəyə çevrildiyini vurğulamış və bu kontekstdə Azərbaycanın o cümlədən
Əfqanıstandakı əməliyyatlara yetirdiyi müxtəlif yönlü dəstək barədə bəhs
etmişdir. O, həmçinin NATO-Azərbaycan münasibətlərinin beynəlxalq hüquq
prinsiplərinə söykəndiyini birdirərək, NATO-nun son zirvə toplantılarının yekun
sənədlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ifadə edilən birmənalı
dəstəyi qeyd etmişdir.
ABŞ Dövlət katibi köməkçisinin müavini Erik Rubin NATO-nun Sülh naminə
Tərəfdaşlıq proqramında Azərbaycanın iştirakının "dərin təsir bağışlayan” nəticələr
doğurduğunu göstərmiş və bu münasibətləri bir "uğurlu hekayə” kimi təqdir
etmişdir. E.Rubin Azərbaycan Prezidenti İlham Əliyevin Brusselə səfəri zamanı
NATO rəhbərliyi ilə qarşılıqlı münasibətlərin 20 illiyini əhatə edən müzakirələr
apardığını xatırlatmış və ölkəmizin NATO ilə əməkdaşlığının müxtəlif istiqamətlərində
əldə olunmuş nailiyyətləri qeyd etmişdir. E.Rubin bundan əlavə Dövlət
Departamenti ilə yanaşı ABŞ Müdafiə Nazirliyi adından Əfqanıstanla əlaqənin təmin
edilməsində Azərbaycanın Şimal Nəqliyyat Paylayıcısında tutduğu mühüm yeri önə
çəkmiş və ölkəmizin bu sahədə nümayiş etdirdiyi əməkdaşlığı yüksək qiymətləndirmişdir.
Nəhayət, Brenda Şeyfer öz tərəfindən Azərbaycanın regionda üzləşdiyi
problem və təhdidlər haqqında söz açmış, ölkəmizin təhlükəsizlik sahəsində NATO
ilə əməkdaşlıq ilə bərabər Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən bəhs
etmişdir. O, eləcə də Cənubi Qafqaz regionunda mövcud münaqişələrin regional
proseslərə göstərdiyi mənfi təsirə istinad etmiş və o cümlədən ABŞ-ın Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirakından yana
danışmışdır.