"BMT Təhlükəsizlik Şurasının atəşkəslə bağlı qərarını qəbul edir və təfərrüatlar üzrə danışıqlara hazırıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri HƏMAS rəsmisi Sami Əbu Zuhri BMT Təhlükəsizlik Şurasının atəşkəs qətnaməsi ilə bağlı qərarına şərhdə deyib.
Sami Əbu Zuhri Reuters-ə deyib ki, İsrailin bu qərara boyun əyməsini təmin etmək Vaşinqtonun əlindədir.
Onun sözlərinə görə, HƏMAS BMT Təhlükəsizlik Şurasının atəşkəs, İsrail qoşunlarının çıxarılması və girovların İsrail tərəfindən saxlanılan fələstinli məhbuslarla dəyişdirilməsini özündə əks etdirən qətnaməni icra etməyə hazırdır: "Biz üzərimizə düşən hər şeyi dəqiqliyi ilə yerinə yetirməyə hazır olduğumuzu bir daha təkrarlayırıq".
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında dərhal atəşkəsi nəzərdə tutan 3 mərhələli planla bağlı qətnamə qəbul edilib.
ABŞ prezidenti Co Baydenin elan etdiyi və birinci mərhələdə Qəzzada dərhal atəşkəs nəzərdə tutan 3 mərhələli təklifin dəstəklənməsini tələb edən qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında qəbul edilib. Rusiyanın bitərəf qaldığı səsvermədə 15 üzvlü BMT TŞ-də ABŞ-ın təqdim etdiyi qətnaməyə 14 “hə” səsi verilib.
Qərarda birinci mərhələyə dərhal atəşkəs, qadınların, qocaların və yaralı əsirlərin azad edilməsi, fələstinli əsirlərin mübadiləsi, İsrail qüvvələrinin Qəzzadan çıxarılması, humanitar yardım, əsas xidmətlərin yenidən qurulması, fələstinli mülki vətəndaşların Qəzzanın şimalına qayıtması, onların vilayət də daxil olmaqla, bütün zolağı boyunca evlərinə dönmə\lərinə təminat və sair mərhələlər ardıcılıqla nəzərdə tutulub.
Samir Musayev
MİA.AZ