Tanınmış aparıcı Nigar Mahmudovanın “Türk Hava Yolları”da təyyarəyə buraxılmamasından danışıb.

Mia.az-ın məlumatına görə, aparıcı Teleqraf.com-a açıqlamasında deyib ki, 01:25 saylı gecə reysinə öncədən bilet alsa da, onu təyyarəyə buraxmaq istəməyiblər: "Sosial media hesabımda problemlə bağlı paylaşımdan sonra "Türk Hava Yolları" mənə İnstaqram üzərindən cavab verdilər. Emailimi götürdülər və geri dönüş etdilər. Mənə bildirildi ki, şikayətimə baxılacaq və məsələ araşdırılacaq.

Mən bu problemlə ilk dəfədir qarşılaşıram. Çünki səfərlərə həmişə AZAL ilə uçuram. Düzdür, başqa ölkələrdə "Türk Hava Yolları"nın şirkətləri ilə getmişəm. Amma heç vaxt belə bir hal ilə qarşılaşmamışam.

Məndən başqa hava limanında 12 nəfər də var idi. Əlində bileti ola-ola təyyarəyə buraxılmırdılar. Mən həmin təyyarə ilə uça bildim. Çünki orada 9 nəfərlik qrup var idi, səhv etmirəmsə, bir ailənin üzvləri idilər. Onlar dedilər ki, hamımız eyni yerə gedirik və birlikdə təyyarə ilə uçmalıyıq. Onlardan iki nəfəri çıxmaq şərtilə qalanını təyyarəyə yerləşdirmək istədilər. Buna qarşı tərəf razılaşmadı.

Həmin 9 sərnişin uçmaqdan imtina etdiyinə görə onların yerinə məni və mənim kimi bir neçə nəfəri təyyarəyə yerləşdirdilər.

Onu da deyim ki, mənim yanımda bir oğlan var idi. O, 1500 dolara biznes-klass üçün bilet almışdı. Hətta onu da təyyarəyə buraxmırdılar. Biznes-klassda bilet alan adama 15-ci sırada yer vermişdilər. Ona da şükür edirdi ki, təyyarəyə minməyə icazə verdilər. Onun atası xəstə idi, vəziyyəti ağır idi. Bu səbəbdən təcili uçmalı idi.

"Türk Hava Yolları" artıq şikayətimi qəbul edib. Məsələni araşdırıb mənə məlumat verəcəklər. Mənim İnstaqramda paylaşım etməkdə məqsədim odur ki, bu problemlə qarşılaşan insanlar səslərini çıxarmırlar və "Türk Hava Yolları" başa düşsün ki, insanlara bu qədər problem yaşatmaq olmaz".