ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen iyunun 10-12-də Ermənistana səfər edəcək.
Mia.az-ın məlumatına görə, dövlət katibinin köməkçisi O'Brayen ikitərəfli münasibətlərin dərinləşdirilməsində əldə edilmiş əhəmiyyətli irəliləyişləri nəzərdən keçirəcək və növbəti addımları müzakirə edəcək, ABŞ-Ermənistan Capstone Strateji Dialoq görüşünə sədrlik edəcək.
O'Brayenin Cənubi Qafqaza səfəri Ermənistanda aksiyaların genişləndiyi bir vaxta təsadüf edir. Amerikalı diplomatın səfərinin məqsədləri ilə bağlı müxtəlif fikirlər var. Qeyd edək ki, O'Brayenin Ermənistanda baş verən iğtişaşlar fonunda baş tutacaq səfəri, həm də Ermənistan XİN rəhbərinin bir ay ərzində sülh sazişini imzalaya bilərik açıqlaması ilə eyni dövrə təsadüf edir.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a bildirir ki, Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqları ilə bağlı xarici diplomatlar tərəfindən verilən açıqlamalarda vəziyyət düzgün təsvir edilmir.
Onun sözlərinə görə, çərçivə sülh sazişi ilə bağlı razılıq əldə olunsa da, bu, faktiki olaraq heç bir məsələni həll etməyən bəyanata oxşar bir sənəd olacaq: "Çünki çərçivə sülh sazişi gələcək post-konflikt dövrü üçün prinsiplərin tərəflərin tərəfindən qəbul edilməsi deməkdir. Bu gün masada həllini gözləyən məsələlər konkret vaxt tələb edir".
Tofiq Zülfüqarov onu da qeyd edib ki, qısa zaman ərzində hansısa sənədin imzalanması mümkündür, ancaq bunu sülh sazişi kimi təqdim edə bilmərik: "Deyə bilərik ki, yeni sənəd 10 noyabr sazişini əvəz edəcək. İndi post-konflikt daşıqlar dövründə danışıqlara təkan vermək, çərçivə yaratmaq üçün məhz belə bir sənədin imzalanması lazımdır. Təbii ki, çərçivə sülh sazişi imzalandıqdan sonra da danışıqlar davam etdiriləcək".
Keçmiş diplmat bildirib ki, O'Brayenin səfərinin sazişin imzalanması ilə əlaqəli olduğunu istisna etmir: "Problem ondadır ki, Ermənistan bu sənədin imzalanmasını çətinləşdirən mövzuları ortaya atır. İndi də delimitasiya və demarkasiya prosesini qabaqlamaq üçün hansısa ilin xəritəsinin əsas götürüləcəyi ilə bağlı müzakirələr açırlar. Ümumi olaraq desək, çərçivə sülh sazişinin imzalanması mümkündür. Ancaq konkret olaraq sərhədin haradan keçəcəyini hazırda heç kəs bilmir. Çünki tərəflərin mövqeləri tamamliə fərqlidir. Yekun sülh sazişi bir neçə ildən sonra bağlana bilər. Ermənilər özləri təklif ediblər bu, çərçivə sülh sənədi olsun. İndi də istəyirlər, onların xeyrinə olan hansısa məsələləri həmin sazişə daxil etsinlər. Bu de-fakto olaraq prosesi uğursuz etmək üçündür".
MİA.AZ