“Ulduz”un Qərbi Azərbaycana həsr olunmuş may sayı “Ulduz” jurnalı, Təhsil Nəşriyyatı və Azərbaycan Dövlət Pedaqoji Universiteti “Qərbi Azərbaycan Ardaşdırmalar Mərkəzi”nin birgə layihəsi əsasında işıq üzü görüb. 

Mia.az xəbər verir ki, jurnal ADPU-nun prorektoru, Dərələyəz, Keşkənd icmasının rəhbəri, professor Mahirə Nağıqızı və tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun ön sözüylə açılır. 

Jurnalda ADPU-nun rektoru Cəfər Cəfərovun “Qərbi Azərbaycan İcmasının yaranması tarixi zərurətdir”, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin “Qərbi Azərbaycana qayıdış əsas hədəfimizdir”, Misir Mərdanov və Ədalət Tahirzadənin “Vəkilov Həsənalısultan bəy Məhəmməd bəy oğlu”, Akademik Abel Məhərrəmovun “Qərbi Azərbaycanın Ağbaba mahalı”, millət vəkili Musa Urudun “Zəngəzurun təhsil tarixi”, millət vəkili Məlahət İbrahimqızının “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri”, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Qərbi Azərbaycanda aşıq yaradıcılığı: milli yaddaş və tarix” yazıları yer alır.

Tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovun “Şimali Azərbaycan ərazilərinin Rusiya imperiyası tərəfindən işğalı və Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi”, fizika elmləri doktoru, professor Bəxtiyar Nəcəfovun “Atam haqqında xatirələr”, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin “Oğurlanmış ata yurdu – Qərbi Azərbaycan”, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “Əqidəsinə sadiq alim”, professor Hacı Həsənovun “XIX –XX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda yürüdülmüş inzibati-ərazi idarəçilik siyasətinin tarixindən” yazıları qədim yurd yerimizin tarixini günümüzə daşıyır.

ADPU-nun filologiya fakültəsinin dekanı Könül Həsənovanın “Alim şair Həsən Mirzəyə həsr olunmuş şeir mətnlərində qənaət prinsipinin linqvokulturoloji xüsusiyyətləri”, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Cəlalovanın “Azərbaycan sevdalı, dünya şöhrətli jurnalist – Leyla Vəkilli”, Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Şəfahət Avılbəylinin “Qərbi Azərbaycanın Qarabağı-Qaraqoyunlu”, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin “Göyçə mahalının tarixi və ədəbi mühiti” yazılarını oxuculara təqdim edir.

Əməkdar mühəndis Nəbi Ramazanlının “Loru-Pəmbək mahalı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “110 yaşlı “Lək-Lək”” ,  Şumeroloq, biologiya elmləri doktoru Tariyel Azərtürkün (Əliyev) ”Nüvədinin uzaq-yaxın tarixi və daş yazılı abidəsi barədə”, “Bütöv Azərbaycan qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlunun “Qəbirlər də qəribləşir”, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədin “İrəvanlı Cabbar Ərtürk”, yazıçı Yeganə  Kərimzadənin “Bir köç gedir...” yazıları oxucuları Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış edir. 

Jurnalın bu sayında Qərbi Azərbaycanla bağlı şeirlər  yer də alıb.