Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Güraka başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, başsağlığında deyilir:

"Kayseri şəhərində qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus SF-260D tipli hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilotların şəhid olması xəbəri məni çox kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir diləyirik.

Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin".

Qeyd edək ki, Türkiyənin Kayseri vilayətində Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Təyyarənin iki pilotu şəhid olub.