"Fransa daxili işlər naziri Jerar Darmanen Azərbaycanı əsassız ittiham edərək, virtual şəbəkələrdə 1500 aktiv hesabın Paris müstəmləkəsi əleyhinə birləşdiyini qeyd edirdi. Niyə də yox?!".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə mayın 30-da keçirilən "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan uzaq ada dövlətlərinə silah, hərbi texnika və casus şəbəbəkəsi ilə gizli maliyyə göndərmir: "Bizim mənəvi və siyasi dəstəyimizdən narahat olan Fransa siyasətçiləri və müttəfiqləri Azərbaycanın maliyyə aktivlərini müsadirə etməyə, ölkəmizə qarşı “dişini göstərməyə” çağırışlar edir, az qala Cənubi Qafqaza nüvə silahı tətbiq etməyə çağırırlar. İstismarçılığın ideoloqlarından və xaç analarından biri, Avropaparlamentin üzvü Fransua Bellami bu gün "X" səhifəsində yazır: "Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək?" Gördüyünüz kimi, Qarabağa azadlıq tələb edənlər öz müstəmləkələrinə toxunan istənilən qüvvənin fəaliyyətini boğmağa, siyasi və media azadlığını məhv etməyə hazırdılar".

Zahid Oruc qeyd edib ki, 6 iyul 2023-cü il tarixində Fransa müstəmləkəçiliyinə qarşı qələbə paytaxtı Bakıda yaradılan Təşəbbüs qrupu Karib adalarında, Cənubi Amerikada, Hind və Sakit okeanlarda ən azı 150 ildən artıq hökm sürən istismar əleyhinə yeni dalğanın başlanğıcıdır: "Bu hərəkatın uğurlu olacağına, əzilən xalqlara nəhayət, layiq olduqları azadlığı bəxş edəcəyinə inanırıq. Biz 44 günlük müharibəni qələbə ilə başa vurmaqla dünyada əzilən və ya təcavüzə məruz qalan xalqlara parlaq, misilsiz nümunə verdik.

Polineziyanın müstəqillik uğrunda hərəkatının canlanmasında Azərbaycanın parlaq qələbəsi mühüm rol oynayır. Qarabağın azadlığı bir əsr əvvəl hərbi canişini polkovnik Şardinye ilə Qafqaza gələn Fransanın sovetlərdən sonra regionu öz koloniyasına çevirməyə çalışmasına ən böyük zərbə Xankəndinin azadlığıdır. Neokolonializm məhvə məhkumdur".