H.Z.Şirvaninin “Səyahət bağları” adlı kitabı nəşr edilib.
Mia.az xəbər verir ki, səyyah, şair, etnoqraf, filosof, coğrafiyaşünas alim Hacı Zeynalabdin ibn İsgəndər Şirvani Nemətullahi (1780-1838) özünün “Riyaz əs-siyahət”, “Hədayiq əs-siyahət” və “Bustan əs-siyahət” adlı əsərlərində Asiya, Avropa və Afrika xalqlarının mədəniyyəti, ictimai fikri, fəlsəfəsi, ədəbiyyatı və tarixi haqqında qiymətli məlumatlar vermişdir. Şirvaninin ilk qələmə aldığı “Riyaz əs-siyahət” əsəri Abbasqulu Ağa Bakıxanovun da xüsusi diqqətini cəlb etmiş və onu “zəngin və faydalı xəzinə” adlandırmışdır. Akademik B.A.Dorn “Riyaz əs-siyahəti” “ən yaxşı kamil mənbə” və Çarlz Rio isə “tarixi və bioqrafik məlumatlarla zəngin olan coğrafi bir əsər” adlandırmışdır.
“Riyaz əs-siyahət” əsərinin önəmli hissəsi 1821-ci ildə Qomşedə və digər hissəsi isə 23 iyul 1827-ci ildə Şiraz şəhərində tamamlanmışdır.
Azərbaycanlı tarixçi A.A.Bakıxanov, rus tarixçisi akademik B.A.Dorn, rus şərqşünası N.B.Xanıkov, azərbaycanlı maarifçi F. Köçərli, rus səyyahı Nikolay Mikluxa-Maklay, fransız şərqşünası Anri Massenin çox böyük qiymət verdiyi bu əsərin II hissəsinin I cildi artıq doğma dilimizə tərcümə edilərək oxucuların ixtiyarına verilmişdir. Əsər fars dilindən Azərbaycan dilinə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Şahin Yəhyayev tərəfindən tərcümə edilmişdir.
Tərcümə edilmiş əsərin elmi redaktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov, rəyçiləri isə tarix elmləri doktoru, professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur.