ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində görülən işləri alqışlayır.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında bu ölkənin dövlət katibi Antoni Blinkenin Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrikində deyilir.

Onun sözlərinə görə, ABŞ Bakı və İrəvanın bütün Cənubi Qafqaz regionunun xeyrinə olacaq münasibətləri normallaşdırmaq səylərini dəstəkləməyə hazırdır: “Biz uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifə açmaq və daha yaxşı gələcək qurmaq üçün bu səyləri dəstəkləməyə hazırıq. Biz bütün regiona iqtisadi fayda gətirəcək bu məqsədə nail olmağa tam sadiqik. Azərbaycanın müstəqilliyinə həsr olunmuş bu mühüm bayramda mən ABŞ-nin Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”(Report).