Prezident yanında Gənclər Fondunun dəstəyi ilə "Gəncliyin Sosial İnkişafına Yardım” İctimai Birliyi yeni bir layihəyə start verdi.
Zülfiyyə Nuriyevanın Mia.az-a verdiyi məlumata
görə "Gəncəbasar regionunda gənc qızların sahibkarlıq bacarıqlarının
artırılması" adlı layihə gənc qızların iqtisadi biliklərinin artırılması
yolu ilə onların sahibkarlıq bacarıqlarının inkişafına yönəlib:
"Layihənin
əsas məqsədi regionda təhsil alma
imkanından məhrum olan gənc qızların peşə bacarıqlarının inkişaf etdirərək
onlara biznes biliklərinin verilməsi və inkişaf edən cəmiyyətə fəal inteqrasiya
prosesinin aparılmasıdır. Məqsədə nail olmaq üçün layihənin əsas vəzifələri
ictimai maarifləndirmə kampaniyasının təşkili, gənc qızların peşə kurslarına cəlb
olunması və onlara sahibkar qadınların mentorluq proqramı əsasında biznes qurma
imkanlarının yaradılmasıdır. Qarşıya qoyulan vəzifələrə nail olmaq üçün isə
layihə çərçivəsində 3 ay müddətində istiqamətverici təlimlərin və peşə
kurslarının təşkili nəzərdə tutulur və bu xidmət hər regiondan ümumilikdə 80 gənc qızı əhatə edəcəkdir.
Layihəni ictimailəşdirmək üçün icmada problemin əhəmiyyətini vurğulayan və ictimai vacibliyini əsaslandıran ictimai maarifləndirmə kampaniyasının təşkil olunacaq və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə hər cür əməkdaşlıq ediləcəkdir. Layihənin əsas hədəflərindən biri də rayon mərkəzlərində deyil, kənd yerlərində yaşayan və xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrdən olan gənc qızların və qəyyumluqda yaşayan gənclərin sosial inteqrasiya prosesini sürətləndirmək onlara aktiv vətəndaş olma istiqamətində dəstəyin verilməsidir".
Zülfiyyə Nuriyeva layihənin əhəmiyyətindən danışarkən onu da qeyd edib ki, mövcud problemlər nəticə olaraq sosial və iqtisadi baxımdan asılı qızların sayını çoxaldır və dolayısı ilə "məişət zorakılığı"na səbəb olur.
Xatırladaq ki, bu layihə artıq icra edilmiş layihənin ardı olaraq nəzərdə tutulur. Lakin layihə ikinci fazada ətraf rayonları da əhatə edəcək və daha geniş auditoriyanı hədəfə alacaqdır.