“Hürriyyət” qəzetinin rekdasiyası və Azərbaycan Demokrat Partiyasının (ADP) yerləşdiyi bina sökülür.

Mia.az xəbər verir ki, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində köhnə tikililərin əksəriyyəti “plana düşüb”, onların yerində çoxmərtəbəli yaşayış binaları tikilir.

Qəzet və partiya 90-cı ilin əvvələrindən uzunmüddətli icarə müqaviləsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan bu bunada yerləşib. Qəzet rəhbərliyi sahəsi 2 min kvadrat metrdən artıq olan ikimərtəbəli tikilini özəlləşdirməyə cəhd etsə də, buna müvəffəq ola bilməyib. Buna səbəb kimi özəlləşdirmə şərtlərində tələb olunan maliyyə vəsaitinin kifayət qədər çox olması göstərilib.

“AzPolitika”-ya daxil olan məlumata görə, söküntü ilə əlaqədər “Hürriyyət” qəzetinin redaksiyasına “Lider TV”-nin keçmiş binasında yer ayrılıb. ADP-yə isə tikinti şirkətindən bir miqdarda kompensasiya verildiyi iddia olunur.

Partiya sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya açıqlamasında binanın söküləcəyini, bu səbəbdən qəzetin və ADP-nin oranı tərk etdiyini təsdiqləyib. O, qeyd edib ki, “Hürriyyət” qəzetinə “Lider TV”-nin keçmiş binasına yer ayrılıb, amma ADP müvəqqəti olaraq başqa ünvanda məskunlaşıb.

“Siyasi partiyalar haqqında” Qanuna müvafiq olaraq müraciət etmişik, qərargahla təmin olunana qədər müvəqqəti ünvandayıq. Yer ayrıldıqdan sonra fəaliyyətimizi orada davam etdirəcəyik”, - ADP sədri deyib.

Sərdar Cəlaloğlu söküntü ilə əlaqədər tikinti şirkətindən hər hansı kompensasiya almadıqlarını vurğulayıb.