1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbər mayın 4-də yenidən partiyanın başqanı seçilib. Partiyanın XI qurultayı özündən əvvəlki qurultaylarla müqayisədə bir sıra sualları gündəmə gətirdiyindən İsa Qəmbərlə söhbətimizin predmetinə çevrildi.
MİA.AZ onun Meydan TV-yə müahibəsini təqdim edir:
– İsa bəy, yenidən başqanlığa qayıtmağınızı özünüz istədiniz, yoxsa müsavatçılar?
– 2014-cü ildə nizamnamə tələbinə görə başqanlıqdan ayrılandan sonra geri dönmək niyyətim olmayıb. Sadəcə, bu mərhələdə müsavatçıların əksəriyyəti yenidən başqanlığa namizədliyimi irəli sürməyimi istədilər, israr və təkid etdilər. Və mən də onların çağırışına laqeyd qala bilmədim, çünki müsavatçılar mənim üçün çox önəmlidirlər. Onları Azərbaycan cəmiyyətinin çox önəmli bir hissəsi hesab edirəm.
– 2023-cü ilin oktyabrında müsahibənizdə seçkilərə qatılmaq fikrinizin olmadığını, namizədliyinizi irəli sürməyəcəyinizi demişdiniz…Doğrudanmı, yalnız müsavatçıların israrıyla seçkilərə qatıldığınız?
– Yalnız və yalnız müsavatçıların çağırışı mənim qərarımın dəyişməsinə səbəb oldu. Başqa heç bir səbəb yoxdur.
– 4 may qurultayında 3 nəfər əleyhinizə olmaqla alternativsiz seçildiniz. Hakimiyyəti də alternativsizlikdə, daha çox faiz səs yığmaqda ittiham edən müxalifət niyə bu yolu seçdi?
– Əvvəla, hakimiyyətlə partiyanı müqayisə etmək olmaz. Çünki ölkədə müxtəlif siyasi qüvvələr və əhval-ruhiyyələr var. Və bir nəfərin çox yüksək faizlə səs alması o qədər də real bir mənzərə deyil. Bu, ancaq böyük sarsıntılardan sonra olur ki, xalq hansısa bir hakimiyyətdən bezir, yeni qüvvənin hakimiyyətə gəlməsini istəyir və nüfuzlu bir şəxsi böyük üstünlüklə vəzifəyə seçirlər. Partiyalarda isə vəziyyət fərqlidir, xüsusən fərqli fraksiyaların və yanaşmaların olması heç də həmişə mövcud olmur. Müsavat Partiyasının əksəriyyəti bu mövqedəydi, mən namizədliyimi irəli sürənə qədər iki namizəd vardı, təəssüf ki, onlar namizədliklərini geri çəkmək qərarına gəldilər. Hətta dostcasına araşdırmağa çalışdıq ki, namizədliyinizi niyə geri götürürsünüz? Onların hər biri ayrı-ayrılıqda belə bir mövqe sərgilədilər ki, biz görüntü naminə yox, doğrudan da, Müsavat Partiyasının başqanı olmaq iddiasındayıq və hesab edirik ki, sizə böyük fərqlə məğlub olsaq, bu gələcək seçkilərdəki şanşımızı, imkanlarımızı məhdudlaşdıra bilər. Ona görə də namizədliklərini geri götürdülər.
– Fraksiyalardan söz düşmüşkən, məsələn, 2014-cü il qurultayında ən gənc namizəd Tural Abbaslıydı, 20 səs aldı, Qubad İbadoğlu 200 səs. Yəni Arif Hacılının alternativləri vardı, sizin isə alternativiniz yox idi. Bu, o demək deyilmi partiyanızda fraksiya da yoxdur?
– Arif Hacılı Azərbaycanın ən görkəmli dövlət adamlarından biridir. Onu da xüsusi qeyd etdim ki, Məhəmməd Əmin Rəsulzadə də daxil Müsavat Partiyasının bütün başqanları arasında yeganə başqan Arif Hacılıdır ki, ciddi rəqabət şəraitində başqan seçilib. Bunu da qiymətləndirmək lazımdır.
– Bəli, Arif Hacılının 2019-cu il qurultayında da ciddi opponentləri vardı. Tofiq Yaqublu və Yadigar Sadıqlı, amma siz yenə də opponentsiz seçildiniz. Bunu necə izah edərdiniz?
– Bəli, iki namizəd vardı, onlar ikisi bir yerdə 71 səs toplamışdılar. Onlardan biri yenə də 20 səslə kifayətlənmişdi, digəri 51 səs toplamışdı. Təbii ki, rəqabət vardı, amma 2014-cü ildə olan ciddi rəqabət 2019-cu ildə alınmadı. Sadəcə, maraqlı seçki yarışı getdi. Bilirsiniz, detalların hamısı önəmlidir, amma ən önəmli cəhəti nə siz, nə başqa jurnalistlər qeyd edirsiniz. Bu, ondan ibarətdir ki, Müsavat Partiyasında azad və ədalətli, seçki, gizli səsvermə keçirilir, şəffaf səssayma nümayiş etdirilir. Yəni bir şəxsin ardıcıl olaraq eyni vəzifəyə gəlməməsi prinsipini 2001-ci ildə qəbul etmişik, 2014-cü ildən bəri nizamnamənin bu müddəası qüvvədədir. Biz bunu həyata keçirərkən ümumi demokratik prosesi irəlilətməyə çalışmışdıq, eyni zamanda, düşünürdük ki, hakimiyyətə də nümunə göstərdik. Çünki 2009-cu ildə hakimiyyət referendum təşkil edərək, həmin müddəanı Konstitusiyadan çıxartdı. Ancaq hakimiyyətdən daha çox siyasi partiyaların həmin nümunədən istifadə edəcəklərinə inanırdıq. Təəssüf ki, Müsavat Partiyasından başqa heç bir partiya bu nümunəni göstərmədi. Və təəssüf ki, şəxsi söhbətlər istisna olaraq nə jurnalistlər, nə başqa ictimai-siyasi xadimlər bu addımın Azərbaycan demokratik inkişafı üçün önəmini vurğulamadılar. Müsavatın belə düzgün, güclü təşəbbüs irəli sürdüyünü qiymətləndirmədilər. İndiki halda da alternativ namizəd olmasa da, gizli səsvermə keçirilib və hər kəsə öz mövqeyini açıq şəkildə ifadə etməyə şərait yaradılıb. İndiki mərhələdə nəticə bundan ibarətdir.
– Bəli, düzdür ki, partiyada demokratik seçkilər nəticəsində rəhbərlik formalaşdırılır. Amma 2014-cü ildən fərqli olaraq 2019-cu ildə sədarətdə olsanız da, bitərəfliyinizi qoruya bilmədiniz, Arıf Hacılıya açıq dəstək verdiniz. Bunu necə izah edə bilərsiniz?
– Harada yazılıb ki, İsa Qəmbər partiyadaxili seçkilərdə hər zaman bitərəf olmalıdır? Yəni, 2014-cü ildə bitərəfliyimi saxladım, çünki hesab edirdim ki, əgər biz başqanın seçilməsi üçün partiya üzvlərimizə tam rəqabətli şərait yaradırıqsa, mənim bitərəf qalmağım daha ədalətli olar. Doğrusu, mənim kimisə müdafiə etməyim həmin şəxsin üstünlüyünü artıra bilər. Ancaq 2019-cu ildə, artıq 5 il keçmişdi və bağışlayın, nüfuzumdan başqa proseslərə təsir etməyə hər hansı resursum yox idi. Müsavat Partiyasının üzvü olduğumdan ixtiyarım var ki, seçkidə namizədlərdən birini müdafiə edim.
– Lakin sədarətdə olduğunuzdan heç bir namizədi müdafiə etməməliydiniz, düzdür?
– Harada yazılıb o?
– Reqlament vardı və Tofiq Yaqublu buna görə sizə irad tutdu…Və siz də dediniz ki, 2 nəfəri və onları müdafiə edən 5-10 nəfərin istəyi üzərinə idarə edəcəyik? Yadınıza gəlirmi?
– Müsavat Partiyasının Nizamnaməsində və seçki təlimatlarında qurultayın sədarətində əyləşən şəxslərin tərəf olmaq hüququ yoxdur kimi bir müddəa yoxdur. Bilmirəm, bunu haradan uydurmusunuz, bu da sizin yanaşmanızdır.
– Mən uydurmamışam, sizin opponentləriniz onu səsləndirir…
– Canları sağ olsun. Opponent onun üçündür ki, həm haqlı, həm də haqsız iradları səsləndirsinlər.
– Bütün hallarda niyə sədarət olaraq bitərəf qalmadınız?
– Yəni deyirəm ki, bizim nə Nizamnamədə, nə seçki təlimatında elə müddəa var. Bu, mənim hüququmdur və hesab edirdim ki, o mərhələdə namizədlər arasında partiyanın maraqlarına ən çox cavab verən namizəd Arif Hacılıdır, o mövqeyimi də açıq şəkildə bildirdim.
– Və Arif Hacılı da məclisin sədri oldu. Bir neçə gün əvvəl „Turan“ agentliyinə müsahibənizdə bir suala çox sərt cavab verdiniz. Müsavat Partiyasında Putin-Medvedev ssenarisi məsələsinə. Hələ 2014-cü il qurultayında A.Hacılı başqan seçiləndə Azər Qasımlı bu barədə danışanda, müsavatçılar onu linç edirdi. Belə çıxır ki, o, doğru deyirmiş, Putin-Medvedev mənzərəsi yaranmadımı?
– Qeyri-ciddi söhbətləri niyə yayırsınız?
– Yaymırıq, sual veririk.
– Niyə bu qədər qeyri-ciddi mövzulardan ləzzət alırsınız, üzr istəyirəm, çox qəribədir. Müqayisə tamamilə əsassızdır. Əvvəla, Putin faktiki olaraq Medvedevi prezident vəzifəsinə təyin etmişdi, 4 ildən sonra da o vəzifəyə qayıtmaq istədi və qayıtdı da. Bununla bağlı keçirilən seçkilər də azad və ədalətli seçkilər kimi qiymətləndirilə bilməz. Müsavat Partiyasında isə azad və ədalətli seçkilər üçün mühit yaradılıb, namizədlər üçün hər cür imkanlar var. Bütün müsavatçıların, əgər istəyirlərsə, namizədliklərini irəli sürməsinə şərait yaradılıb. Onların təbliğat və əks-təbliğat hüquqları tanınıb. Biz seçki təlimatlarımıza bir müddəa daxil etdik ki, seçkidə iştirak edən şəxslərin seçki komissiyasına öz nümayəndələrini təyin etmək hüququ var. 2014-cü il seçkisində səhv etmirəmsə, 15 və bir qədər çox komissiya üzvü vardı, 4 namizədin hərəsi 4 öz istədiyi müsavatçını həmin komissiyaya daxil etmişdilər. Putin-Medvedev söhbətində buna oxşayan müddəa olubmu? Yox, olmayıb.
– Məsələ ondadır ki, Qasımlı proqnoz vermişdi ki, siz gedirsiniz, Arif Hacılı seçilir, yenidən siz qayıdırsınız…
– Nə 2014-cü ildə mən Arif Hacılını partiya başqanı vəzifəsinə gətirmişəm, müsavatçıların iradəsi ilə gərgin seçki mübarizəsində seçilib, nə də 2024-cü ildə Arif Hacılı məni vəzifəyə qaytarıb, müsavatçıların əksəriyyətinin israrı ilə seçki prosesinə qatılmışam. Sağ olsunlar etimadlarına görə, müsavatçılar mənə səs veriblər. O ki qaldı İsa Qəmbər-Arif Hacılı münasibətlərinə, özüm haqqında danışmağa ehtiyac duymuram. Arif Hacılı gənc yaşlarından Azərbaycanda azadlıq mübarizəsində iştirak edən və qısa müddətdə xalq azadlıq hərəkatının liderlərindən birinə çevrilən şəxsiyyətdir. Gənc yaşlarından millət vəkili seçilib, istiqlalçı millət vəkili kimi imzasını Azərbaycanın tarixinə yazıb. Xalq Cəbhəsinin məclis sədri kimi önəmli missiyanın daşıyıcısı olub. Elçibəy hakimiyyətində önəmli bir dövlət vəzifəsi tutub. Amma dövlət vəzifəsini kabinetdə oturmaqla məhdudlaşdırmayıb, fəaliyyətinin az qala yarıdan çoxu səngərlərdə keçib. Hər zaman prinsipial mövqeyi olub, haqqı və ədaləti müdafiə edib. Azərbaycanın ən güclü natiqlərindən biridir. 10 il ərzində də Müsavat Partiyasına yüksək səviyyədə rəhbərlik edib. Yəni Arif Hacılının bioqrafiyasını qısaca da olsa, vurğuladım. Çoxmu adam saya bilərsiniz ki, onların bioqrafiyasında dediklərimin yarısı olsun? Çətin… Arif Hacılı Azərbaycanın ən önəmli dövlət adamlarından, ən güclü siyasətçilərindən və partiyamızın güclü resurslarından biridir. Ona görə də onun başqan vəzifəsini daşımağa da, məclis sədri olmağa da həm mənəvi, həm də siyasi əsasları var. Yüksək səviyyədə vəzifəsini icra edib, düşünürəm ki, məclis sədri kimi partiyamızın fəaliyyətinin həyata keçməsində önəmli rol oynayacaq.
– Alternativsizliyi dedik. Arif Hacılı və İsa Qəmbəri bildik, bəs 30 ildə partiyanı idarə edəcək liderlərin yetişməməsi nə ilə izah edilə bilər?
– Müsavat Partiyasında nəinki partiyanı, Azərbaycanı idarə edəcək nə qədər şəxslər var. Dövlət rəhbərliyində də, ən önəmli nazir vəzifələrində də işləməyə hazır insanlar da o cümlədən. İndiki mərhələdə onlar başqanlıq yarışında iştirak etmək istəmədilərsə, bu da həmin insanların demokratik hüququdur. Başqan seçkilərinə qatılmaq vəzifə deyil, hüquqdur. Müsavatçılar özləri qərar verir ki, hansı mərhələdə hansı hüquqlarından istifadə edirlər.
– Bəlkə lider kimi yetişənlər olmuşdu, onlar sizin və Arif bəyin fəaliyyəti nəticəsində partiyadan getdilər…
– Lap yaxşı, bu, onların seçimidir. Kim onlara mane olurdu ki, bacarıqlarını, istedadlarını, keyfiyyətlərini tətbiq etsinlər və Azərbaycanın ən güclü müxalifət partiyasını yaratsınlar və müxalifət qüvvələrinin liderinə çevrilsinlər? Onların imkanları varsa, etsinlər də, nə problem var?!
– Deyirlər, İsa bəylə Arif bəy imkan vermir…
– Yəni deməyinə çox adam çox şey deyir. İndi kim nə deyirsə, siz onların hamısını bir-bir təkrar etməlisiniz?
– Yox, təkrar etmirəm, yada salıram.
– Sadə bir həqiqət var, müxalifət lideri olmaq kiminsə tərəfindən müəyyənləşən bir şey deyil. Bu, həmin şəxsin bacarığından, istedadından, cəsarətindən, fədakarlığından, fəaliyyətindən asılı olan bir məqamdır. Cəmiyyətin verdiyi qiymət nəticəsində müxalifət lideri, ümumiyyətlə, parlaq siyasətçilər fərqlənməyə başlayırlar. Və heç bir partiya, heç bir tanınmış siyasi lider başqa şəxslərin nüfuzunun artmasının, onların cəmiyyətin həlledici qüvvəsinə çevrilməsinin qarşısını ala bilməz, hətta istəsə də, ala bilməz. Halbuki, nə mən, nə də Arif bəy heç kimin parıldamasına, öz bacarığını, istedadını ortaya qoymasına heç zaman problem yaratmamışıq, bundan sonra da yaratmayacağıq. Yəni Müsavat Partiyasında seçki olub, siz yəqin Arif bəyə uduzan şəxsləri nəzərdə tutursunuz…
– Siz də Arif bəyə dəstək vermisiniz…
– 2014-cü il qurultayında dəstək verməmişəm, amma 2019-cu il qurultayında dəstək vermişəm. Obyektiv müşahidəçilər üçün aydındır ki, 2019-cu il qurultayında Arif Hacılıya dəstək verməsəydim də, böyük fərqlə seçkilərdə qalib gələcəkdi.
– Olmazdımı dəstək verməzdiniz?
– 2014-cü ildə dəstək veməmişəm, onu niyə qiymətləndirmirsiniz?
– Qiymətləndirdiyimiz üçün deyirik ki, 2019-cu ildə də davam edərdiniz…
– Yəni bu, mənim hüququmdur, mən bilərəm ki, kiməsə dəstək verərəm.
– Amma onlar deyirlər ki, bu, doğru deyildi.
– Çox söz deyə bilərlər Natiq bəy, bunu danışdıq, sualı təkrar etmək xasiyyətini siz hələ tərgitməmişsiniz. Mən sizə dedim ki, nə partiyanın Nizamnaməsində, nə seçki təlimatlarımızda belə bir müddəa yoxdur.
– Ancaq Tofiq Yaqublu sizi reqlamenti pozmaqda ittiham edirdi…
– Sözümü kəsməyin xahiş edirəm…
– Buyurun.
– Həmin sənədlərdə belə müddəa yoxdur ki, sədarətdə olan şəxslər tərəf ola bilməz. Olmayan şeyi niyə sırımaq istəyirsiniz?
– Bəs reqlamenti pozmanızla bağlı deyilən məqam?
– Heç kimin hüquqları pozulmayıb və hamıya da şərait yaradılıb, istədikləri qədər də danışıblar. Həm 2014, həm də 2019-cu il seçki hazırlıqlarında qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin toplantılarını xatırlayıram, hər ikisində Arif Hacılının rəqibləri hansı dəyişikləri təklif ediblərsə, hamısı qəbul olunub. Bəzən hətta ədalətsiz olan, onlara üstünlük yaradan ideyalar irəli sürüblər və məhz Arif bəyin təkidi ilə qəbul edilib, yəni onlar nə cür istəyiblərsə, seçki o cür də keçirilib. Ona görə də onların seçki hüquqlarının məhdudlaşdırılması haqqında deyilənlər düzgün deyil.
– Gələk qurultaydakı çıxışınıza, 2 ay əvvəl prezident seçkiləri keçirilib, amma bu barədə münasibətiniz eşidilmədi. Niyə?
– Təbii ki, çox məsələyə münasibət bildirmək olar, ancaq reqlamentə görə vaxt ayrılmışdı, həmin vaxtda hansı fikirləri bildirmək istədimsə, onları da dedim.
– Məsələn, sizin çıxışınızda jurnalistlərin həbsi, onların günlərlə yoxa çıxması barədə heç nə eşitmədim…
– Yəni Azərbaycanın problemləri o qədər çoxdur ki, onları sadalamağa başlasaydım, saatlarla çıxış etməliydim. Mən isə ümumi mənzərəni və hədəfləri dedim, istiqamətləri müəyyənləşdirdim. Bir növ başqanlığa namizədin çıxışı idi ki, hansı istiqamətlərə diqqət yetirəcəm. Eyni zamanda, həm çıxışlarımızda, həm də qurultayın bəyanatında ayrıca siyasi məhbuslar məsələsi ciddi şəkildə qaldırılıb.
– Qurultayda hakimiyyətlə cəmiyyət arasında, hakimiyyətlə müxalifət arasında ictimai saziş vacibliyini deyirsiniz. Dediyiniz ictimai saziş özündə nəyi ehtiva edir?
– Bu ideyanın izahatını da verdim ki, biz xalq hərəkatına başlayanda əsas 3 hədəfimiz vardı, birincisi istiqlal idi, Elçibəyin liderliyi ilə bunu əldə etdik. İkincisi ərazi bütövlüyü məsələsiydi, bu, indiki hakimiyyətin dönəminə təsadüf etdi. Üçüncü hədəfimiz Azərbaycanın demokratik inkişafı idi, burada ciddi problemlər var və onları aradan qaldırmaq lazımdır. Ona nail olmağın az ehtimal etdiyimiz variantı hakimiyyətin ciddi şəkildə sözdə yox, əməldə islahatlara başlayaraq addımlar atmasıdır. Çox ehtimal edilən variant isə xalqın ayağa qalxıb öz iradəsini ortaya qoymasıdır. Amma bunun da müəyyən nümunələrini bilirik ki, o qədər gərgin, çətin keçən proses olur. Ona görə də bu variantların arasından ictimai saziş təklifimi irəli sürdüm. Hakimiyyətin və cəmiyyətin arasında ictimai saziş əldə edilməsinin önəmini vurğuladım. Əslində, ideya kifayət qədər əks-səda doğurub, rəsmən deyilməsə də, müxtəlif dairələrdə hallanır.
–Hətta hakimiyyət dairələrində də?
– Yəni hiss olunur ki, bu ideya diqqəti cəlb edib. İndi biz Müsavat Partiyasının rəhbərliyinin formalaşması mərhələsini keçirik, əsasən tamamlanır, bir-iki addım qalıb, bu məsələni tamamlayacağıq. Ardınca partiyamızın strateji xəttinə uyğun şəkildə fəaliyyətimizi davam etdirməklə yanaşı, ictimai saziş ideyasını müzakirə edəcəyik. Partiyanın kollegial qərarı nə olsa, ona uyğun da addım atacağıq. Əslinə qalsa, hələ 2012-cü ildə, İctimai Palata dönəmində „Yol xəritəsi“ hazırlamışdıq, sənəddə ictimai sazişin bir variantı irəli sürülürdü. Təəssüf ki, hakimiyyət o zaman diqqət göstərmədi, əməl etmədi. İndi də partiya məsləhət bilsə, təşəbbüs mərhələsindən sənəd mərhələsinə keçirəcəyik, sonra da ictimaiyyətin diqqətinə təqdim edəcəyik, görəcəyik, cəmiyyət nə cür reaksiya verir.
– İctimai Palatanın oxşar təklifini nəzərə alınmadığını yada saldınız. 30 il hakimiyyətdə olan bir ailənin müxalifətlə ictimai sazişə gedəcəyi inandırıcıdrmı?
– Çox inandırıcı deyil, ancaq biz ideyamızı irəli sürürük. Ən azından Azərbaycan cəmiyyətinin düşünən insanları görəcəklər ki, demokratik qüvvələr, Müsavat Partiyası proseslərin dinc yolla, qarşılıqlı anlaşma yoluyla irəli getməsinin variantlarını təklif edir. Yəni bəzən deyirlər ki, müxalifətin heç bir ideyası yoxdur, yalnız tənqid etməklə məşğuldur. Hesab edirəm ki, irəli sürdüyüm ideya da bir daha cəmiyyətə təqdim etməyə imkan verəcək ki, demokratik düşərgənin, müxalifətin konkret təklifləri də var.
– Bugünlərdə Prezident Administrasiyasının təşəbbüsüylə partiyalarla görüş keçirildi, Müsavat Partiyası da qatılmışdı. Düzdür, sosial şəbəkələrdə müxtəlif yanaşmalar oldu. Siz məclisin sonuncu iclasında dediniz ki, partiya rəhbərliyi iştirak haqda qərar verib. Amma Gülağa Aslanlı mənə demişdi ki, məlum toplantıya qatılmaqla bağlı qurultaydan əvvəl Divanın qərarı olub. Hansı düzdür, sizin, yoxsa Gülağa bəyin söylədiyi?
– Bu mövzu başqan seçiləndən sonra mənə bəlli olub və o mərhələdə də partiyada təmsil olunan şəxslərlə fikir mübadiləsi aparıb hesab etmişik ki, toplantıda iştirak düzgündür. Çünki bəzilərinin qeyd etdiyi kimi bu, bir dialoq deyil. Hakimiyyət özü də tədbiri dialoq adlandırmır. Toplantı „Siyasi partiyalar haqqında“ qanunun tətbiqi məsələlərinə həsr olunmuşdu, hakimiyyət də dəvət edərkən bu mövzunu bildirmiş, eyni zamanda, demişdilər ki, orada texniki məsələlər müzakirə olunacaq. Təxminən elə də oldu, həm Ədliyyə Nazirliyinin, həm Prezident Administrasiyasının müvafiq şöbəsinin, həm Mərkəzi Seçki Komissiyasının təmsilçiləri iştirak ediblər. Partiyaların qeydiyyatı, hesabatları, audit məsələləri müzakirə edilib. Hesab edirəm ki, müvafiq qanun xoşumuza gəlsə də, gəlməsə də, təəssüf ki, biz və bir sıra partiyalar qarşısını ala bilmədik. Qanun qəbul edildi, ölkədəki bütün siyasi partiyalar qanunun qəbulunu bir gerçəklik kimi qarşıladılar. Qanunun tələbiylə 5 min üzvümüzün siyahısını hazırlayıb hakimiyyətə təqdim edirik, qurultayların protokollarını verib qeydiyyat məsələləsini yeniləyirik. Yəni qanunun tələbi olan bütün şərtlərə tabe oluruq, bütün partiyalar da tabe olur. Əgər qanunun gerçəkliyini qəbul edib ona uyğun addımlar atırıqısa, həmin qanunun müzakirəsi ilə bağlı tədbirdə iştirakdan imtina etməyin mənasını görmürəm.
– Bəs növbəti toplantılar olsa, yenə qatılacaqsınızmı?
– Əgər texniki məsələlər olsa, qanunla bağlı konkret mövzular olsa, iştirak edəcəyik. Fərqli mövzular olacaqsa, onda partiya rəhbərliyində müzakirə edəcəyik, bunu ictimaiyyət və partiyaların fəaliyyəti üçün önəmli saysaq, iştirak edəcəyik. Yox, bəyənməsək, iştirak etməyəcəyik, bu, partiyanın kollegial qərarlarında əks olunacaq.
– Bir sıra sosial şəbəkə istifadəçilərinin dediyi kimi, Müsavat Partiyası da "avtobusa mindimi"?
– Anektodları şəbəkə qəhrəmanlarına saxlayın. Onların arasında xeyli hakimiyyətin qucağında oturan qüvvələr var ki, Müsavat Partiyasına söz atmaqdan zövq alır. Bu, onların həyat tərzidir, bizi heç bir şəkildə ilgiləndirmir, narahat etmir. Biz Müsavata qarşı düşmənçiliyi peşəyə çevirmiş qüvvələrin dediyi ilə oturub-durmaq fikrində deyilik.
– Parlament seçkiləri gözlənilir, MSK sədri Məzahir Pənahov bu barədə danışdı. İştirak edəcəksinizmi?
– Müzakirə edəcəyik. Müsavat Partiyasında heç zaman yalnız başqanın sözüylə, bir nəfərin iradəsi ilə qərarlar qəbul olunmur. Tarix boyu belə olmayıb, biz də 1992-ci ildən partiyanın fəaliyyətini Azərbaycanda bərqərar edəndən bugünə qədər kollegial müzakirələr olur və qərarlar qəbul edilir. İndi də seçki haqqında rəsmi qərar olacaqsa, müzakirə edəcəyik. Belə başa düşürəm ki, çox çətin qərar olacaq, yeri gəlmişkən, hansı qərarı qəbul etsək, yenə də partiyaya hücumlar olacaq. Çünki təcrübədən görürük ki, partiyamızın seçkidə iştirak etdiyi hallarda „müsavatşünaslar“ bizi hakimiyyətlə anlaşmada ittiham edirlər. Seçkidə iştirak etməyəndə isə bəzən eyni qüvvələr, eyni jurnalistlər və fəallar yazırlar ki, Müsavat Partiyası seçkidə iştirak etməməklə meydanı hakimiyyətin ixtiyarına verdi, müqavimətsiz hakimiyyətin istədiyini həyata keçirməsinə imkan yaratdı. Ona görə də başa düşürük ki, hansı qərarı qəbul etsək, söz-söhbət olacaq. Ancaq biz yersiz söz-söhbətlərə yox, ölkəmizin, demokratik qüvvələrin maraqlarına hansı uyğundursa, qərarlar qəbul edəcəyik.
– Müsavatçı Novella Cəfəroğlu İsa Qəmbərin parlamentə layiq olduğunu deyir, siz nə düşünürsünüz?
– Bir az qeyri-təvazökarlıq olsa da, ölkədə insanların əksəriyyətindən soruşsanız, haqqımda həmin fikri deyə bilərlər. Suallarınızla məni bəzən qeyri-təvazökar olmağa məcbur edirsiniz. Azərbaycanın ən tanınmış yazıçılarından biri çox-çox əvvəllər müsahibəsində bir cümlə işlətmişdi, deyir ki, İsa Qəmbəri parlamentə buraxmamaq, Füzulini Yazıçılar İttifaqına qəbul etməmək kimi bir şeydir. Hakimiyyət də sağ olsun, 1995-ci ildən bəri bütün parlament seçkilərində iştirak etmişəm, prezident seçkilərində isə yalnız bir dəfə qatılmışam. İştirak etdiyim bütün parlament seçkilərinin hamısında hesab edirəm ki, qalib gəlmişəm, amma heç birində məni qanunverici orqana buraxmayıblar. Ona görə də cəmiyyətin fikrinə hörmətlə yanaşıram, hakimiyyətin mənə münasibətini də bugünün gerçəkliyi kimi qəbul edirəm.
– Sizi parlamentə buraxmırlar, seçkilər saxta sayılır, bəs bu dəfə parlamentə buraxsalar, seçkilər şəffaf sayılacaqmı?
– Bu məsələ belədir ki, bir nəfərin qələbəsinin tanınması seçkilərin bütövlükdə azad və ədalətli keçməsinə dəlalət etmir. Sizin dediyiniz ehtimal olunan bir şeydir. Hələ bəlli deyil ki, Müsavat Partiyası seçkidə iştirak edəcək, etməyəcək, yaxud mənim də iştirakım məlum deyil. Ancaq siz artıq bunu modelləşdirirsiniz, mən də konkret cavab verirəm. Nə mənim, nə də başqa öz gücüylə qalib gəlməyə qadir olan şəxsin qələbəsinin tanınması seçkilərin azad və ədalətli olmasına dəlalət etmir. Bunun üçün bütövlükdə seçkilər azad və ədalətli keçirilməlidir.
– Siz Novella xanımın İlham Əliyev haqda təriflərini necə qiymətləndirirsiniz? Ona görə bu sualı verirəm ki, çox danışılır bu barədə, Novella xanım doğru deyirmi?
– Müsavat Partiyasının minlərlə üzvü var, ən tanınmış üzvlərindən biri də Novella xanımdır. Bu da onun fikridir, təbii ki, bəyənmirik və haqlı hesab etmirik. Amma Müsavat Partiyasında demokratik qaydalar çox ciddi şəkildə mövcuddur. Bir qədər əvvəl olmayan məsələni bizə aid etdiniz. Lakin partiyamızda demokratiya ilə bağlı bir müddəa var ki, onu nə siz, nə də başqası qeyd edir. Nizamnamədə yazılıb ki, hətta qərar qəbul ediləndən sonra da Müsavat Partiyasının üzvlərinin qərarla razılaşmamaq və fərqli mövqe bildirmək hüququ var. Yəni bunu belə də qəbul etmək lazımdır. Yoxsa Müsavat Partiyasının üzvlərindən biri belə deyib, böyük faciəyə çevirmək…
–Faciəyə çevirmirik, Novella xanım sıradan bir müsavatçı deyil və sizin də yaxın dostunuzdur…
– Müsavat Partiyasının bütün üzvləri dostumdur.
– Novella xanım veteranlardandır, lap yaxın dostunuzdur…
– Sizin də mən bilən yaxşı münasibətləriniz olub hər zaman, bilmirəm, dəyişib, dəyişməyib. Ancaq Novella xanım və başqaları ilə dostluq etdiyinizi bilirəm.
– Mən jurnalistəm, amma siz siyasətçisiniz və prezidentliyə iddialı şəxssiniz…
– Yəni partiyanın sıravı üzvü demokratik azadlıqlardan istifadə edib səhv fikir deyibsə, mən başqan kimi nə etməliyəm ki?
– O səhvdirmi?
-Əlbəttə səhvdir.
– Ciddi səhvdirmi?
– Onu artıq ictimai rəy müəyyənləşdirir, ciddi, yoxsa qeyri-ciddi səhvdir.
– İsa bəy, qurultayda çıxışınızda inqilabların gələcək dönəm üçün çoxlu problemlər yaratdığını söyləmisiniz. Xatırlayıram sizin 2005-ci il parlament seçkisindən öncə, ABŞ səfərindən qayıdandan sonra keçirdiyiniz mətbuat konfransını. Deyirdiniz ki, “demokratik inqilab bizim məqsədimiz deyil, biz seçki istəyirik. Ancaq açıq səkildə bəyan edirik ki, əgər hakimiyyət yenə də seçkiləri saxtalaşdırsa, demokratik seçki inqilabı qaçılmaz, labüd olacaq. Bu labüdlüyü biz də görürük və həmin seçki inqilabının məsuliyyətini üzərimizə götürməyə hazırıq”. Bu açıqlamanızdan sonra 2005-ci il də daxil 3 parlament seçkisi keçirilib və yerli və xarici müşahidəçilər hamısının saxtalaşdırıldığını bildirib…
– Siz nə deyirsiniz, yaxşı seçkilər olub?
–Xeyr, elə şey demək olar? Eyibdir…Qayıdaq suala, seçkilər saxtalaşdırıldı, amma seçki inqilabı olmadı, niyə?
– Bu, elə bir məsələdir ki, bunu nə siyasətçilər, araşdırmaçılar, alimlər sona qədər proqnozlaşdıra bilmirlər. Görürsən ki, uzun illər cəmiyyətdən gözlənilən addımlar olmur və heç kimin gözləmədiyi halda hansısa kiçik bir qığılcım kimi proses başlayır, cəmiyyət də ayağa qalxıb hüququnu tələb edir. 2005-ci ildə səsləndirdiyim sözlər əslində sonuncu qurultayda da dediklərimdir. Bəlkə sözlər fərqlidir, amma mövqe həmindir. Əminəm ki, avtoritar rejimlərin repressiyaları, xalqa qarşı fəaliyyəti uzun müddət susqunluqla qarşılana bilər, amma hansısa mərhələdə xalq dirənib ayağa qalxa bilər. Və xalqın fəallaşması da ciddi dəyişikliklərə gətirib çıxara bilər. Sadəcə, dəyişikliklərin müsbət olacağına şübhəm yoxdur, amma dəyişikliklər prosesinin özünün hansı formada gedəcəyi, xalqa, cəmiyyətə, ölkəyə hansı problemlər yaradacağını təkcə müxalifət deyil, hakimiyyət də düşünməlidir. Ona görə də islahatlar və dəyişikliklər haqqında deyilənlər sözdən əməl mərhələsinə keçməlidir.
– Bəlkə Gürcüstan və Ukrayna hadisələri sizi bu bəyanatı verməyə sövq etmişdi, yaxud ABŞ səfərində vədlər almışdınız…?
– Yox, mənə heç bir yerdə heç bir vəd olmayıb. Təbii ki, dünyada və regiondakı proseslərə hər zaman diqqətlə yanaşmışıq. Amma hər zaman onu da demişik ki, heç bir başqa ölkədəki proses Azərbaycanda da eyni prosesin getməsini şərtləndirmir. Sadəcə, Azərbaycanın öz problemləri, dinamikası var və əvvəl-axır demokratiya, haqq-ədalət yolu bütün bəşəriyyətin yolu olduğundan ölkəmizdə də bu istiqamətdə dəyişikliklərin baş verməsi qaçılmazdır. Bu, nə qədər tez və dinc şəkildə olarsa, işin xeyrinədir.