Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev 1979-cu ildə rol aldığı “Babək” filmindəki geyimləri özündə xatirə kimi saxlamaq istəyib.

Bu barədə sənətçi “Xəbərin olsun” verilişində danışıb. Lakin aktyor istəyinə nail ola bilməyib: "İstədim onu götürüb saxlayım, onsuz da sonradan muzeyə verəcəkdim. Razı olmadılar, dedilər ki, yox, bu nömrələnib, kostyumerdə olmalıdır. Bilsəydim ki, belə olacaq, onu oğurlayardım. Elə şeyi götürmək, oğurluq demək deyil. Çünki illər sonra tədbirlərin birində “Babək” obrazında səhnəyə çıxmalı idim. O geyimi tapa bilmədik”.

Xalq artisti kinostudiyanın geyim sexindəki saxlanılan bəzi paltarların pis vəziyyətdə olduğunu bildirib: Yadımdadır, oraya naftalin qoyurdular ki, yun parçadan olan geyimləri güvə yeməsin. Sən demə naftalin olmayıb, güvə geyimləri yeyib. Əsrin əvvəlinə aid o qədər geyimlər var idi… İndi onlar yoxdur, dağıldı getdi. “Nəsimi” filmi üçün 10 ədəd Suriya xalçası alınmışdı. Onların biri də qalmayıb. Əvəzinə başqasını qoyub, onu götürüblər. Bax belə barbarlıq olub”.