"Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Rumıniya vətəndaşlarının ölkəmizə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələrini təmin edəcək qayda artıq qüvvəyə minib"
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Rumıniyanın Baş naziri Marsel Ciolacu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Ərdoğan baş nazirlə imzaladığı birgə bəyannamə ilə Türkiyə-Rumıniya yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradıldığını da sözlərinə əlavə edib: "Qarşılıqlı ticarət dövriyyəmiz 2 ildir 10 milyard dolları ötüb. Hədəfimiz 15 milyard dollara çatmaqdır. Biz bu istiqamətdə qəti addımlar atırıq. Şirkətlərimizin Rumıniyaya investisiyaları 8 milyard dollara yaxınlaşıb. Biz enerji sahəsində əməkdaşlığımızın artırılması yollarına diqqət yetirdik. Müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığımız Rumıniya ilə əlaqələrimizin mühüm sütunlarından birini təşkil edir. Biz son illər həm bu sahədə, həm də müdafiə sənayesi sahəsində əməkdaşlığı artırmışıq. Biz Qara dənizdə iki sahilyanı və NATO müttəfiqi ölkə kimi Rumıniya ilə birlikdə işləyirik. Bildiyiniz kimi, biz Bolqarıstanın iştirakı ilə Qara dənizdə mina əleyhinə əməliyyat qrupu yaratdıq".
Ərdoğan qeyd edib ki, bugünki görüşdə terrorla mübarizə gündəmdə olub: "Terrorla mübarizədə Rumıniyadan gözləntilərimizi hörmətli baş nazirlə bölüşdük. Biz türk və türk tatar toplumlarını dostluq körpüsü kimi görürük. Soydaşlarımızın qaraçı icması ilə harmoniyada yaşaması bizi sevindirir. Biz Rumıniya hökumətinə buna görə təşəkkür edirik".
Onu da qeyd edək ki, iki ölkə liderinin iştirakı ilə tərəflər arasında 6 yeni saziş imzalanıb.
Lamiyə
MİA.AZ