Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək məqsədilə Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Mia.az xəbər verir ki, BMT-nin Cenevrədəki Ofisindəki "Azərbaycan otağı"nda keçirilən görüşdə bu təşkilatla ölkəmiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan BMT və onun institutları ilə yaxından əməkdaşlıq edir. Görüşdə müasir qlobal çağırışların həllində parlament ölçüsünün əhəmiyyəti diqqətə çatdırılıb.

"Azərbaycan otağı"nın Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğu vurğulanaraq, Fondun çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib, o cümlədən, Heydər Əliyev Fondunun BMT-nin layihələrində fəal iştirakı təqdir edilib.

Söhbət zamanı, Milli Məclisin sədri bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da məlumat verib. O, ölkəmizin belə mühüm beynəlxalq tədbirə evsahibliyi etməsinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə göstərdiyi səylərin tanınmasının nəticəsi olduğunu diqqətə çatdırıb. Sahibə Qafarova bu sessiya çərçivəsində Parlamentlərarası İttifaqla Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək parlament konfransı haqqında da məlumat verib.

Spiker Sahibə Qafarova qarşı tərəfə Azərbaycan parlamenti və onun beynəlxalq fəaliyyəti haqqında da danışıb. Həmçinin İsveçrəyə səfər və Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası haqqında məlumat verib.

Görüşdən məmnunluğunu bildirən BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya Azərbaycanın BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb.

Bakıya səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri, o cümlədən, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşünü məmnunluqla xatırlayan Tatyana Valovaya, bu təşkilatla Azərbaycan arasında münasibətlərə dair faydalı müzakirələr apardığını bildirib.

Baş direktor, Azərbaycanın COP29-a evsahibliyi etməsindən məmnunluğunu ifadə edərək, ölkəmizin “yaşıl enerji” sahəsində atdığı uğurlu addımların əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə Bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında ucaldılan "Düşüncələr və arzular" adlı abidəyə baş çəkib.