Prezident Administrasiyasının rəsmiləri partiya liderləri ilə görüş keçirib.

Mia.az xəbər verir ki, bu barədə Xalq partiyasının sədri Pənah Hüseyn açıqlama verib:

“16 may 2024-cü il tarixdə siyasi partiyaların iştirakı ilə keçirilmiş tədbir haqqında KİV- dən gələn çoxsaylı suallarla bağlı aşağıdakıları bildirirəm:

Tədbir “Dəyirmi masa” tipli idi. “Hilton” otelin konfrans zalında keçirildi. Təşkilatçı Prezident Administrasiyası idi.
Konkret mövzu “Siyasi partiyalar haqqında qanunun tətbiqi məsələləri” idi və təşkilatçı tərəfindən hakimiyyətlə siyasi partiyalar arasında siyasi dialoq prosesinin tərkibi, eyni zamanda maarifləndirici tədbir kimi təqdim edildi və bu məzmunda idi.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-nin nümayəndələri təmsil olunmuşdu. Prezident Administrasiyasının əməkdaşlarından əlavə AR Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının bu sahəyə məsul rəhbər işçiləri iştirak edirdilər və məruzə etdilər. Habelə tədbirdə iştirak edən 25 siyasi partiyadan 20-sinin təmsilçisi çıxışlar etdi. Çıxışlarda tədbirin konkret mövzusu ilə yanaşı ölkənin siyasi həyatının, qarşılıqlı siyasi fəaliyyətlərin aktual problemlərinin daha geniş spektri əhatə edildi. Ümumilikdə tədbir 4 saatdan çox çəkdi. Mənim rəyimə görə istər siyasi, istərsə də maarifləndirici baxımdan ümumən faydalı oldu”.