Bu gün Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib.

Mia.az xəbər verir ki, qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Qurultayda köhnə tərkib tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb.

Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib. 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb.

İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib.

O, 25 ilə yaxındır ki, QHT sahəsində iş təcrübəsinə malikdir, peşəkar hüquqşünasdır, ABŞ, Britaniya, Almaniyanın nüfuzlu universitetlərində hüquq üzrə müxtəlif proqramları bitirib. Ramil İskəndərli xarici ölkələrdə beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilir. 2023-cü ilin iyul ayından Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Beynəlxalq hüquq və insan hüquqları sahəsində bir sıra elmi məqalələrin müəllifidir.

Qurultayda çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Qurultay üzvlərinin səsverməsi ilə yeni formalaşmış İdarə Heyətinə fəaliyyətində uğurlar arzulayıb: “Azərbaycan Milli QHT Forumu illərdir arzusunda olduğu islahatlar mərhələsinə qədər qoyur. Estafeti bir nəsil digərinə yüksək ləyaqətlə ötürür. Bu, Azərbaycan vətəndaş cəmiyyətində formalaşmış nümunəvi ictimai dəyərlərdən, yetkin mədəniyyətdən xəbər verir. Forumun Nizamnaməsində aparılan sistem xarakterli dəyişikliklər qurumun müasir dövrün tələblərinə uyğun çevik idarəçilik modelinə keçməsinə işarədir. Qarşıdakı müddətdə bunun müsbət praktik nəticələrini görəcəyimizə ümid edirik. Yeni İdarə Heyətini biz hadisələrin arxasınca gedən deyil, əksinə, müsbət təşəbbüslərin bayraqdarı kimi təsəvvür edirik. Yeni İdarə Heyətindən QHT-lərin ictimai vəkilliyi işində, ictimai maraqların müdafiəsində, o cümlədən cəmiyyətdə kök salmış mənfi streotiplərin təmizlənməsi işində yüksək fəallıq gözləyirik”. PA rəsmisi bildirib ki, qarşıdakı dövrdə QHT sektorunda islahatlar daha da dərinləşdiriləcək. Bu islahatlar QHT-lərin sağlam, münbit şəraitdə inkişafı, şəffaf, hesabatlı fəaliyyəti üçün meydanı daha da genişləndirəcək.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Rauf Zeyniyə fəaliyyəti dövründə Agentliklə sıx əməkdaşlığa görə təşəkkür edib və onu “Diplom”la təltif edib. A.Əliyeva yeni heyəti də təbrik edib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli etimada görə Qurultay üzvlərinə təşəkkür edib, gözləntiləri doğrultmaq üçün fəal iş aparacaqlarını bildirib.