Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı aparılıb. 

Mia.az xəbər verir ki, bu haqda Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edib.

Telefon danışığı zamanı Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi qeyd olunub.

Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.