Mayın 4-də Sumqayıt şəhərində polis əməkdaşları məhkəmənin qərarını icra edərək Qubad İbadoğlunun bağ evində ona hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verən elektron qolbaq tətbiq ediblər.

Bu elektron nəzarət vasitəsinin tətbiq olunması İbadoğlunun yerdəyişmələrini müəyyən ərazi ilə məhdudlaşdırmaq üçündür.

Musavat.com xatırladır ki, 9 aylıq həbsdən sonra məhkəmə səhhətini nəzərə alaraq, Q. İbadoğlu barədə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz etmişdi.

Daha sonra isə onun dustaqlığını davam etdirəcəyi məkan olaraq Novxanının bağ massivindəki evi seçilib. Bu qərar İbadoğlunun özünün müraciəti əsasında verilib. Elektron qolbağ (qandal) da ərazi aidiyyatı səbəbindən (onun bağ evi Sumqayıt şəhərinə 8 km məsafədədir) Sumqayıt polisi tərəfindən taxılıb. Bütün bunlar qanunvericiliyin və məhkəmə qərarlarının çərçivəsində həyata keçirilib. Həbs qətimkan tədbiri digər qətimkan tədbiri ilə əvəzlənən və mühakimə altında olan hər kəsə bu cür elektron “qandal”lar taxılır.