Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

– Qüdrət bəy, ABŞ-də Nümayəndələr Palatasının üzvü Henri Kueylerin Azərbaycana məxsus neft şirkətindən rüşvət almasına dair yayılan xəbərlərə münasibətinizi bilmək istərdik…

– Çox təəssüf ki, xaricə ölkələrdə sığınacaq tapmış bəzi şəxslər bunu dərhal Azərbaycan hökuməti ilə bağlamağa çalışdı. Halbuki, elan olunmuş ittihamlar öz təsdiqini məhkəmə qərarı ilə tapmalıdır. İkincisi, ABŞ-də lobbi fəaliyyətinə icazə verilir. Məsələn, ABŞ-də 2023-cü ildə 18874 adam ya odlu silahla öldürülüb, ya da silahla özünü vurub. 38357 nəfər isə odlu silahdan açılan atəşlə yaralanıb. Onların 6192 nəfəri 18 yaş altında olan uşaqlar və yeniyetmələrdir. 689 halda insanlara kütləvi şəkildə atəş açılıb. Amma biz görürük ki, ABŞ siyasətçiləri ABŞ Milli Silah Assosiasiyasının onlara göstərdiyi “xidmətlər” qarşılığında bunun qarşısını almaq üçün silahlara nəzarət istiqamətində təsirli tədbirlər görmür. Ona görə araşdırılmalıdır ki, bu Henri məsələsi lobbi fəaliyyəti olub, yoxsa rüşvət alma faktı.

Üçüncüsü, hər kəsə problem yaratmaq gücündə olan və yaradan ölkənin hakimiyyət təmsilçiləri pul qarşılığında və ya digər korporativ maraqlarına görə haqsızın yanında dayanırsa, bəzən şirkətlər və dövlətlər öz maraqlarını müdafiə etmək üçün rüşvət vermək məcburiyyətində qalır. Buna haqq qazandırmaq fikrindən çox uzaq olsam da, reallıq belədir. Yəqin ki, məhkəmə istintaqı zamanı bəlli olacaq ki, şirkət öz maraqları üçün bunu edib, yoxsa ölkəmizin maraqları üçün və ya ümumiyyətlə, belə bir fakt olubmu?

ABŞ heç vaxt 20% torpaqlarımızı işğal edib 30 il işğal altında saxlayan, etnik təmizləmə aparıb bir milyon insanı ev-eşiyindən qovan, Xocalıda soyqırım cinayəti törətmiş Ermənistanı işğalçı dövlət kimi tanımadı, heç vaxt demədi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdı. Qərbyönümlü Qorbaçovu və Yeltsini məcbur etdilər ki, zorakı etnik separatizmi müdafiə etsinlər. ABŞ işğalçı Ermənistana yox, təcavüzə məruz qalan Azərbaycana, Elçibəyin prezidentliyi dönəmində sanksiya tətbiq etdi.

Qanunları pozanların ifşa olunaraq cəzalandırılması təqdir olunmalı olsa da, Henri Kueyler, böyük ehtimalla, ədalətin təntənəsi naminə ittiham olunmur, Azərbaycana təzyiq məqsədilə qurban verilir. Yenə, böyük ehtimalla, ermənipərəst senator Menendezin ifşasından sonra bizimlə Ermənistan arasında bərabərlik işarəsi qoymaq üçün H.Kueyler məsələsi gündəmə gətirilir. Araşdırılsa, ABŞ-də qanuni, yaxud qanunsuz əsasda “lobbiçilik” fəaliyyəti ilə məşğul olmayan az sayda konqresmen tapmaq olar.

– Azərbaycana niyə təzyiq edirlər?

– Həm ermənilərə görə, həm də istəyirlər ki, Rusiya ilə düşmən olaq. Azərbaycan Ermənistandan işğal altında qalmış torpaqlarını azad etməyi, Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyi tələb edir. Ölkəmizin həyati maraqları tələb edir ki, Rusiya ilə dost olaq.

(Xalqcebhesi.az)