"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib.
Mia.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışda kişilər arasında türkiyəli Ahmet Alkanoğlu finişə birinci çatıb. Ukraynalı Boqdan Semenoviç ikinci, uqandalı İsmail Ssenyange 3-cü yeri tutub.
Qadınlar arasında ukraynalı Natalya Simonoviç ötən marafonda olduğu kimi hamını qabaqlayıb. Azərbaycanlı Anna Yusupova 2-ci, qazaxstanlı Nelli Qaitova 3-cü olub.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” start götürüb. 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir.
Budəfəki marafona 18 mindən çox nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edir.
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar da var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır.