Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Nəqliyyat Agentliyinin sabiq əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Unikal”ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində BNA-nın keçmiş şöbə müdirinin müavini Vüqar Hüseynov və məsləhətçi Hikmət Vəlizadənin cinayət işi ilə bağlı şahidlər ifadə verib. Parklanma sahələrinin salınması üçün müvafiq prosedurların həyata keçirilməsi üçün müxtəlif şəxslərdən 16500 manat rüşvət almaqda təqsirli bilinən keçmiş məmurların prosesində “NewMed” klinikasının rəhbəri olan Qardaşxan Süleymanov ifadə verib. Qardaşxan Süleymanov bildirib ki, BNA-nın adlarını unutduğu əməkdaşları gəlib onlarla dırnaqarası anlaşıb:
“Klinikanın qabağında səkinin enləndirilməsi üçün, daha dəqiq parklanma yeri üçün rəsmi müraciət etdik, ancaq imtina gəldi. Belə ki, klinikaya pasiyent gəlir girir dərhal BNA-nın əməkdaşları telefonla çəkir ki, cərimə olunacaqsız. Yaxşı dostlar vasitəsilə məsələni həll etdik, 5 min manat verib qeyri rəsmi yolla icazə aldıq, ancaq kimə verdiyimi xatırlamıram. Pulu kimlər kimlə bölürlər mənə nə aidiyyatı var”.
Prosesin bu yerində hakim Rasim Sadıxov şahidin ibtidai istintaqda verdiyi ifadəsini elan etdi. Məlum oldu ki, klinika rəhbəri 5000 manatı Hikmət Vəlizadəyə verib. Ona izah ediblər ki, rəsmi qayda da BNA-ya müraciət et, o da edib. Bundan sonra agentlik əməkdaşları klinikanın qabağını qazıb parklanma yeri düzəldiblər.
Sonra dövlət ittihamçısı şahidin ifadəsi əsasında Süleymanovun pulu məhz Hikmət Vəlizadə vasitəsilə Vüqar Hüseynova çatması üçün verdiyini proses iştirakçılarının nəzərinə çatdırdı. Təqsirləndirilən Hikmət Vəlizadə isə şahidi 1-ci dəfə gördüyünü qeyd etdi.
Sabiq BNA əməkdaşlarının cinayət işində digər şahid- Vüqar Hüseynovun sürücüsü ifadə verib: “2020-ci ildən BNA-da iş fəaliyyətinə başlamışam, sonra sürücü işləmişəm. İşlədiyim dövrdə pula ehtiyacım olduğu üçün bank kartı vasitəsilə kredit üçün banka müraciət etdim, 3-4 saat sonra krediti gətirib verdilər. Sonra həmin kart müdirim Vüqar müəllimə lazım oldu, soruşdu ki, kartda pul var, dedim yox. O gün kartı məndən aldı sonra bildim ki, mənim kartıma haradansa pul köçürülüb. Ancaq o kartı Vüqar müəllimə verdiyim unutmuşdum”.
Məhkəmə prosesi 12 mart tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, ötən ilin iyul ayında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.