Venesuelada Dövlət Neft Şirkətində (PDVSA) korrupsiya faktı ilə bağlı istintaqı çərçivəsində 2 müxalifətçi siyasətçinin həbsinə order verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Baş prokuror Tarek Uilyam Saab açıqlama verib.
O bildirib ki, müxalifət siyasətçiləri Leopoldo Lopez və Xulio Borxesin PDVSA və kriptovalyutada sahəsində ciddi korrupsiyada əli var: "Bu barədə yeni sənədlər əldə olunub. Artıq hər iki müxalif siyasətçinin saxlanması üçün həbs qərarı çıxarılıb. Onları sığındıqları ölkələrdən tələb edəcəyik. Çünki onlar Venesuela dövlətinə zərbə vurublar, onun pulunu qəsb ediblər...".
Məlumatda deyilir ki, daha əvvəl başqa ittihamlarla haqlarında həbs qərarı olan Lopez İspaniyada, Borxes isə Kolumbiyada yaşayır.
2014-cü ildə prezident Nikolas Maduro hökumətinə qarşı etirazlarda 43 nəfərin ölümündən sonra saxlanılan Lopez 2015-ci ildə nümayişçiləri hökumət əleyhinə qızışdırmaq ittihamı ilə 13 il 9 ay həbs cəzasına məhkum edilmişdi. Lakin üst məhkəmə tərəfindən 2 il sonra cəzası ev dustaqlığına dəyişdirilib. Bundan sonra Lopez 30 aprel 2019-cu ildə o zamankı Milli Assambleyanın prezidenti Xuan Quaydo ilə Maduro hökumətini devirmək üçün uğursuz çevriliş cəhdi edib. Lakin cəhd alınmayanda o, İspaniyanın Karakasdakı səfirliyinə sığınıb və 2020-ci ildə ölkəni tərk edib.
Borxes isə 2018-ci ildən Kolumbiyada yaşayır.
Firudin Səfərli
MİA.AZ