Gürcüstana giriş qadağası ləğv olunan Xətai rayonunun sabiq icra başçısı və "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu gün nəhayət, uzun illərdən sonra doğma yurduna gedib.
Mia.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
Z.Məmmədli hava limanından fotolarını paylaşaraq yazıb: "Bu günə şükür..."
Xatırladaq ki, Zəlimxan Məmmədli bir neçə gün əvvəl Gürcüstana girişnə qadağanın götürüldüyünü bəyan edib: "2014-cü ildən mütəmadi olaraq həm Azərbaycanın, həm də Gürcüstanın rəsmi qurumlarına bu ədalətsizliyin aradan qaldırılması xahişi ilə müraciətlər etmişəm.
Sonuncu müraciətim bu ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə oldu. Prezidentin göstərişi ilə əlaqədar qurumlar bu problemin həlli ilə bağlı Gürcüstanın müvafiq qurumları ilə intensiv iş apardılar və mənim Gürcüstan giriş yasağım aradan qalxmış oldu.
Bu işdə Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Gürcüstanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin, DTX sədri Əli Nağıyevin əməyini xüsusi qeyd etmək istəyirəm.
Təbii ki, ilk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevə 10 illik yurd həsrətimə son qoyduğu üçün xüsusi təşəkkürümü bildirirəm. Eyni zamanda Gürcüstanın müvafiq qurumlarına Azərbaycan tərəfinin təklifinə qarşılıq verdiklərini də qeyd etməyi vacib hesab edir və qiymətləndirirəm.
Qeyd etməyi vacib hesab edirəm ki, Gürcüstan mənim üçün çox doğmadır. Əsil-nəslimin, yüz minlərlə soydaşımın məskunlaşdığı vətəndir. Gürcüstanın unitarlığı, güclənməsi, ərazi bütövlüyünün təmini, separatçılardan təmizlənməsi, Azərbaycanla strateji tərəfdaşlığının möhkəmlənməsi ideallarım sırasındadır. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu, strateji tərəfdaşlığı!".
Samir Musayev
MİA.AZ