Azərbaycanın aparıcı pərakəndə ticarət şəbəkələrindən olan OBA marketə qarşı məhkəmə iddiası qaldırılıb.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, OBA marketə qarşı qaldırılan iddiaya Bakı Appellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun sədrliyilə baxılacaq.
Məlumat üçün bildirək ki, OBA market barəsində iddia tanınmış hüquqşünas Sani Əli oğlu Nəsibov tərəfindən qaldırılıb. İddia mülkiyyət hüquqi ilə əlaqədar mübahisələrlə bağlıdır.
Hazırda Bakı şəhəri 7 saylı Vəkil Bürosunun üzvü olan Sani Nəsibov daha əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olub.
Qeyd edək ki, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “OBA Market” MMC-nin nizamnamə kapitalı 100 manatdır. 2016-cı ilin iyun ayının 17-də dövlət qeydiyyatına alınan “OBA Market” MMC-nin qanuni təmsilçisi İbrahimova Natəvan Yusif qızıdır.
Onu da bildirək ki, OBA marketləri “Araz” və SPAR supermarketəriylə birgə “Veysəloğlu” şirkətinə bağlıdır. “OBA Market” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur.