Bu gün Ukraynanın Odessa vilayəti üzrə 10 idman klubundan 140 idmançının qatıldığı çempionatın final görüşləri keçirilib.

Bu barədə Mia.az-a Odessada yaşayan diaspor fəalı, jurnalist Anar Natiqoğlu məlumat verib. 

O bildirib ki, boksçular müxtəlif çəki dərəcələri üzrə 13 qızıl medal uğrunda mübarizə aparıblar.

Onun sözlərinə görə, Azərbaycanlı iş adamı Şamil Quliyevin prezidenti, Ukraynanın əməkdar idman və mədəniyyət işçisi Azər Mustafayevin direktoru, Ukraynanın əməkdar məşqçisi Nurəddin Əlibəylinin baş məşqçi olduğu "Levşa"(Solaxay) idman klubu turnirə 6 idmançı ilə qatılıb: "Klubun 5 təmsilçisi birinci yeri tutaraq qızıl medal, bir idmançı isə gümüş medal qazandılar. İsmayılov İsmayıl Cavid oğlu 48, onun əmisi oğlu İsmayılov Samir Cahid oğlu isə 57 kq çəki dərəcəsində qızıl medallara sahib oldular.

Deyim ki, Cavid və Cahid Nazim oğlu İsmayılovlar əslən Ağdamın Şelli kəndindəndirlər. Cavid İsmayılov həm də Odessa vilayəti, Belqorod Dnestrovski (Akkerman) şəhəri üzrə boks federasiyasının prezidentidir. Qalib gələn soydaşlarımızı təbrik edir, Ukrayna çempionatında uğurlar arzulayırıq".

Anar Natiqoğlu qeyd edib ki, Azər Mustafayev və Nurəddin Əlibəylinin illərlə çəkdikləri zəhmət artıq bəhrəsini verməkdədir: "Onların məktəbinin yetirmələri olan həm ukraynalı idmançılar, həm də soydaşlarımız arasında gənclər üzrə Olimpiya çempionu, dünya üçüncüsü, Avropa çempionu və bir neçə Ukrayna çempionu var: "Onların yetirmələri olan Ramil Hacıyev, Camal Quliyev, Rəsul Quliyev, Kərim Huseynov həm Odessanın, həm də Ukraynanın idman şərəfini ucaltmaqla bərabər diasporamızın qürur mənbəyinə çevriliblər!".

Fərid

MİA.AZ