CHP sədri Özgür Özəllə prezident Ərdoğanın yaxın günlərə planlanan görüşü Türkiyənin əsas mövzularından birinə çevrilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, toplum tərəflərin daha çox hansı problemləri müzakirəyə çıxaracaqlarını və nələrə razılıq verəcəkləri yönündə "baş sındırır".

AK Partiyanın parlamentdəki fraksiyasının sədr müavini Leyla Şahin Usta bildirib ki, tərəflərin gündəmində bir çox mövzular olacaq: "Ancaq güman ki, əsas gündəm sosial-iqtisadi məsələləri əhaətə edəcək".

O, "Kanal 7"yə müsahibəsində görüşün nə vaxt keçiriləcəyinin hələlik dəqiqləşmədiyini deyib: "Dəqiq məlumat yoxdur. Bu həftə və ya gələn həftə ola bilər. Görüş yəqin ki, Beştəpədəki iqamətgahda olacaq".

Xatırladaq ki, CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğlu bir neçə gün əvvəl sosial media hesabında ard-arda paylaşım edərək Özgür Özələ Ərdoğanla "görüşmə" mesajı verib.

O, Ərdoğanın həm konstitusiya dəyişikliyi, həm də sosial-iqtisadi məsələlərlə bağlı çox sərt qərarlar verəcəyini iddia edib və buna görə özünə "suç ortağı" axtardığını bildirib: "Ərdoğan tarixininin ən ağır dövrünün məsuliyyətlərini üzərinə götürəcək tərəfdaş axtarır. O, iqtisadiyyatla bağlı daha sərt qərarlar verəcək. İşsizlik və yoxsulluq artacaq, dollar bahalaşacaq. İndi Ərdoğan bunun məsuliyyətlərini onunla bölüşəcək tərəfdaş gəzir...".

Samir Musayev

MİA.AZ