Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yay aylarında parlament seçkilərinin keçiriləcəyini düşünür.

Mia.az xəbər verir ki, bu barədə o, Modern.az-a müsahibəsində bildirib.

Deputatın fikrincə, seçkilər avqust-sentyabr aylarında ola bilər.

"Bunu növbədənkənar parlament seçkiləri adlandırmaq olmaz. Amma mənim proqnozuma görə, bu seçkilər avqust-sentyabr aylarında ola bilər. Əslində, mənim də dəqiq məlumatım yoxdur, amma düşünürəm ki, bu proses ya iyuna qədər olmalıdır, ya da keçəcək payıza. Hər halda bu il parlament seçkilərinin keçirilməsi istisna edilmir", - deputat qeyd edib.

Partiya sədri növbəti parlament seçkilərində iştirak edəcək: "Sağlıq olsun, görək, həmin vaxta qədər yaşaya biləcəyəmmi? Allah ömür verərsə, səhhətimdə hər hansı problem yaranmazsa, seçkilərdə iştirak etməyi planlaşdırıram. Reallıqlar bizə nəyi diqtə etsə, o da olacaq".

Qeyd edək ki, bir neçə gün əvvəl Ədalət, Hüquq və Demokraiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də Azərbaycanda bir neçə aydan sonra parlament seçkilərinin gözlənildiyini bildirib.