İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlıq üçün imkanlar yaradacaq.
Mia.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov və Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə aparılıb.
Görüşdə uzun tarixə malik Azərbaycan-Əlcəzair münasibətlərinin yeni mərhələdə inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edilib.
Neft İxrac Edən Ölkələr Birliyinə daxil olmayan ölkələr (OPEC+) və Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) formatlarında, həmçinin iki ölkənin müvafiq nazirlikləri, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Sonatrach” şirkətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu əlaqələrin daha da möhkəmləndirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və enerji sahəsində potensialın reallaşdırılması baxımından Birgə İşçi Qrupunun fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb.
Birgə İşçi Qrupunun iyunda “Bakı Enerji Həftəsi” çərçivəsində planlaşdırılan ilk iclasının neft-qaz sahəsi ilə yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi üzrə də əməkdaşlıq üçün imkanlar yaradacağı qeyd edilib.
Söhbət zamanı ikitərəfli əlaqələrin digər aspektləri üzrə də fikir mübadiləsi aparılıb.