Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın "Amerikalı kürəkən” tamaşası nümayiş olunub.
Mia.az xəbər verir ki, səhnə əsərinin nümayişindən sonra Əməkdar artist Əkbər Əlizadə bəstəkarın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb.
Daha sonra Xalq artisti İlham Namiq Kamal Ramiz Mirişli ilə bağlı xatirələrini bölüşüb, bu səhnə əsərindən başqa onun "Qısqanc ürəklər" operettasında da oynadığını vurğulayıb.
Tamaşada əsərin müəllifi Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyev və Ramiz Mirişlinin oğlu, bəstəkar Nazim Mirişli də iştirak ediblər.
2010-cu ilin 29 mayından səhnədə olan və teatrın repertuarında özünəməxsus yer tutan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamal, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Tamaşanın 66-cı nümayişində Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər İqrar Salamov, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Əliməmməd Novruzov, Gültac Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Mehriban Rəcəbova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.