Azərbaycanda hüquqi əsaslar olmadığı halda Aqrar Sığorta Fondu dövlət orqanı olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyini aqrar sığorta hadisələri çərçivəsində “faydalanan şəxs” qismində tanımaqla “sığorta ödənişi” adı altında büdcə səviyyəsinin kodu 7 olan müvafiq xəzinə hesabına 676,7 min manat vəsaitin köçürülməsinə yol verib.
Bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində məlumat verilib.
Bildirilib ki, bu da 50 %-i dövlət büdcəsindən maliyyələşdirilən sığorta haqlarından əldə olunan maliyyə resurslarının istifadə təyinatının pozulması deməkdir.
Həmin vəsaitin köçürülməsi əməliyyatları çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi müvafiq maliyyə (mühasibat) uçotu registrlərində debitor və (və ya) kreditor şəxs kimi tanınmayıb (tanınması üçün hüquqi (rəsmi) əsasın olmadığı səbəbindən haqlı olaraq köçürmələr maliyyə (mühasibat) uçotu registrlərində “aqrar sığortalı” şəxslərin adı altında əks etdirilib(Report).