İordan çayının qərb sahilindəki şəhərlərdə yəhudi millətçiləri ilə İsrail əsgərlərinin fələstinlilərin ev və iş yerlərinə basqınları davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Ramallah, Qalqilya, Cenin və Hebron şəhərlərində baş verən basqınlar zamanı toqquşmalar olub: "Bir qrup yəhudi millətçi Fələstin nömrəli avtomobillərlə Ramallahın şimal-qərbindəki Əbu Fellah kəndinə gəlib. Onlar burada fələstinli gənclərə hücum edərək 1-i başından olmaqla 5 fələstinlini yaralayıb. Yaralılardan 2-si xəstəxanaya aparılıb, vəziyyətləri ağırdır".
Bildirildiyinə görə, yəhudilər bununla kifayətlənməyərək fələstinlilərin evlərini də atəşə tutublar: "Bu hadisə zamanı xəsarət alan olmayıb. Ancaq evlərə zərər dəyib".
Agentliyin xəbərinə görə, İsrail əsgərləri Ramallahın şimal-qərbində yerləşən Kefr Ayn kəndinə də daxil olublar: "Onlar kənddə səbəbsiz reyd keçirməyə başlayıblar. Bu zaman reydə etiraz edən bir gəncin qarın nahiyəsinə atəş açılıb, o, ağır yaralanıb...".
Bunlarla yanaşı, Ceninin qərbindəki Rummane, Zebuba, Aneyn və et-Tibe kəndlərində xeyli evdə də axtarış aparılıb: "İsrail əsgərləri Hebronun qərbindəki İzna qəsəbəsində qəzzalı işçilərin yerləşdiyi binaya basqın edib və orada çalışan təxminən 20 işçi saxlanılıb. Qalkilyada isə İsrail ordusu bir çox nöqtəyə snayperçilər yerləşdirib...".
Yeri gəlmişkən, 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və yəhudi millətçilərinin hücumları nəticəsində 463 fələstinli həlak olub.
Firudin Səfərli
MİA.AZ