"Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər".
“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.
N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir: “Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir. Belə ki, 2022-ci ildən sonra siyasi-psixoloji proses başladı. Bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”.
Hökumət başçısı vurğulayıb ki, tarixi və real Ermənistan arasında ciddi ziddiyyətlər var.
***
"Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxara bilərdi".
Bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, KTMT Ermənistanda müttəfiq yox, sülhməramlı kimi iştirak edəcəkdi: “Bəliklə, Ermənistan özünün təhlükəsizlik zəmanətləri sistemindən kənarda qalacaqdı”
***
"Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil".
“Aysor” xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır: “Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq”.
(Report).