Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ikitərəfli ticari-iqtisadi əməkdaşlığı müzakirə etmək üçün Rusiyanın paytaxtı Moskvada səfərdədir.

Ruisiya KİV-lərinə istinadən xəbər verir ki, nazir Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov və Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ilə görüşüb.

Danışıqlar barədə məlumatı Rusiya Federasiyası Mərkəzi Bankının və Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətləri yayıb.

Azərbaycanın iqtisadiyyat naziri və Mərkəzi Bankın rəhbəri hər iki ölkədəki iqtisadi vəziyyət barədə danışıb, ikitərəfli ticari-iqtisadi əlaqələri müzakirə edib, Rusiya-Azərbaycan maliyyə gündəliyinin bəzi aspektlərinə toxunublar.

Xatırladaq ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun 2024-cü il martın əvvəlində Bakıya səfəri zamanı o, iki ölkənin bankları arasında qarşılıqlı əlaqənin genişləndirilməsinə və Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulmağa çağırıb.

Bundan başqa, M.Cabbarov Moskvada D.Manturov ilə də danışıqlar aparıb.

“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi yaxşı dinamika nümayiş etdirir. Sənaye sahəsində qarşılıqlı fəaliyyətimiz ümumilikdə müsbət istiqamətdə inkişaf edir. Belə ki, iqtisadiyyatın əsas sahələrində bir sıra böyük layihələr həyata keçirilir”, - D.Manturov vurğulayıb.

Baş nazirin müavini buna misal olaraq avtomobil istehsalı və dəmir yolu sahəsində maşınqayırma kimi sənaye sahələrini, həmçinin aviasiya sahəsində istehsal və əczaçılıq sahələrini də qeyd edib. Bundan başqa, nazir onlayn ticarətdə mövcud olan böyük potensialdan danışıb.

D.Manturov azərbaycanlı naziri iyulda Yekaterinburqda keçiriləcək “İnnoprom” beynəlxalq sənaye sərgisinə də dəvət edib.

M.Cabbarov hələ mart ayında Bakıda M.Reşetnikovla görüş zamanı bildirmişdi ki, Azərbaycanın Rusiya ilə sənaye, nəqliyyat, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, eləcə də əməkdaşlığın yeni istiqamətləri üzrə əlaqələrin artırılması üçün böyük potensialı var: “Bu potensialın reallaşdırılması bizim üçün iqtisadi gündəmdəki əsas prioritetdir”.

Qeyd edək ki, Rusiya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan beş ölkədən biridir. Ötən il Rusiya Azərbaycana 274 milyon ABŞ dollarına yaxın investisiya yatırıb. Hazırda Azərbaycanda Rusiyanın iştirakı ilə ümumilikdə 624 milyon ABŞ dollarına yaxın müxtəlif layihələr həyata keçirilir. Buraya İT və aviasiya sahəsində istehsalından tutmuş tibb və yüngül sənayeyə qədər sahələr daxildir.

2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu, 30 %-dən çox artım deməkdir. Eyni zamanda, Rusiya-Azərbaycan ticarət dövriyyəsinin yarıdan çoxu - 54,2 %-i milli valyutalarla həyata keçirilir.

Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanla ən fəal inkişaf edən ticarət əlaqələri Moskva və Sankt-Peterburq şəhərləri, Moskva, Çelyabinsk, Nijni Novqorod, Sverdlovsk və Saratov vilayətləri, Stavropol və Krasnodar diyarları və Tatarıstan Respublikasıdır(Report).