Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Sosial
Xartiyasının əvvəllər ölkəmiz tərəfindən qəbul edilməmiş maddələri ilə bağlı aidiyyəti
dövlət qurumlarının iştirakı ilə fikir və məlumat mübadiləsinin aparılması məqsədilə
seminar keçirilib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, Avropa Şurasının I Baş Direktorluğunun Avropa Sosial Təhlükəsizlik Məcəlləsi və Avropa Sosial Xartiyası Departamenti ilə birgə təşkil olunan tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Avropa Şurasının üzvü olan Azərbaycanın ötən müddətdə bu təşkilatla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyini bildirib.
Qeyd olunub ki, 2004-cü ilin yanvarında
sosial müdafiə sahəsində mühüm beynəlxalq sənədlərdən biri olan Avropa Sosial Xartiyasının 18 maddəsi Azərbaycan
tərəfindən ratifikasiya edilib. Ötən dövrdə dinamik sosial-iqtisadi tərəqqinin
təmin olunması, müasir dövlət quruculuğu, hüquqlar sisteminin təkmilləşdirilməsi
sahəsində ölkəmizdə əldə olunan mühüm nailiyyətlər Xartiyanın əvvəllər qəbul
olunmamış müddəlarının da ratifikasiya imkanlarına yenidən baxılmasını şərtləndirir.
Bu seminarın məhz ölkəmizin Avropa Şurasının Nazirlər Şurasına sədrliyi dövründə
keçirilməsinin xüsusi əhəmiyyət kəsb etməsi vurğulanıb.
Avropa Sosial
Xartiyası Departamentinin nümayəndəsi Ramon Prieto Suarez Azərbaycanın
Xartiyanın qəbul edilmiş maddələrinin icrası sahəsində uğurlu təcrübəsi,
respublikada müasir cəmiyyətin formalaşması digər müddəaların da qəbulu üçün
yetərli əsas yaradır.