"İsrailin hücumu nəticəsində həlak olan "World Central Kitchen" (WCK) humanitar təşkilatının üzvlərinə görə hiddətlənirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin müşaviri Con Kirbi gündəlik mətbuat konfransında deyib.

O, hadisənin onları dərindən kədərləndiklərini qeyd edib: "Dünən İsrailin hava hücumunda WCK-dan çox sayda humanitar yardım işçisinin həlak olduğunu öyrəndik. Bu, bizi çox qəzəbləndirir. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Eyni zamanda, hadisə ilə bağlı başladılan istintaqı yaxından izləyirik. Hadisə əhatəli, operativ və dərindən araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır".

Kirbi bildirib ki, ABŞ İsrailə humanitar yardım işçilərinin təhlükəsizliyini təmin etmək üçün daha çox təzyiq göstərəcək.

Xatırladaq ki, İsrailin hücumu nəticəsində dünən Qəzzanın Deyr əl-Belah bölgəsində əslən Avstraliya, Polşa, Böyük Britaniya, ABŞ, Kanada və Fələstindən olmaqla "World Center Kitchen"in 7 əməkdaşı ölüb.

Tahir Şəlvəli

MİA.AZ