İsrailin Suriyanın paytaxtı Dəməşqə yenidən zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriyann SANA xəbər agentliyi məlumat yayyıb.
Agentlik hərbi mənbələrə əsaslanaraq, bildirib ki, dünən yerli vaxtla saat 17.50-də Dəməşqdə bir bina İsrailin hücumuna məruz qalıb: "Havadan müdafiə sistemlərimiz Qolan təpələrindən atılan düşmən raketlərinin əksəriyyətini havada zərərsizləşdirsə də, bəziləri hədəfə tuş gəlib. Nəticədə 2 mülki vətəndaş yaralanıb, ərazidə dağıntılar var".
İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.
Ancaq Türkiyə mətbuatı yazır ki, İsrail həmin bölgədə İran və Hizbullaha bağlı qrupları hədəfə alıb: "Məlumdur ki, Dəməşq və ona bitişik kəndlərdə Hizbullah, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi qrupların yaraqlıları var..."
Onu da qeyd edək ki, İsrail 2011-ci ildən vətəndaş müharibəsi gedən Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə tez-tez zərbələr endirir.
Zülfiyyə
MİA.AZ