Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyada Moskva vilayətində törədilmiş terror aktından sonra qəbul edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən keçidə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər tutarlı səbəb olmadan Rusiyaya səfərlərdən çəkinmələrini tövsiyə edib.
Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in bəyanatında deyilir ki, əvvəlcədən səfər planlaşdıran vətəndaşlar Rusiya Daxili İşlər Nazirliyinin saytında giriş məhdudiyyətlərini əvvəlcədən yoxlamalıdırlar; Rusiyada qalan vətəndaşlar isə insanların çox olduğu yerlərə getməkdən çəkinməlidirlər və s.
Qeyd edək ki, Moskva vilayətindəki Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da martın 22-si axşam saatlarında konsertdən qabaq bir qrup silahlı şəxs mərkəzə basqın edib. Açılan atəşlər və daha sonra törədilən yanğın nəticəsində Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, 3-ü uşaq olmaqla 137 nəfər ölüb, 182 nəfər müxtəlif dərəcəli xəsarət alıb(Report).